Accessibility links

COVID-lə bağlı saxta sənəd tərtib edən tibb işçiləri məsuliyyətə cəlb olunub


Bakının Sabunçu rayonunda yerləşən 11 saylı poliklinikanın qeydiyyatçısı Nəzrin Məmmədova, həmin tibb müəssisəsinin, eləcə də Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimləri Gülnarə Mədətzadə və Vaqif Mirzəyevlə əlbir olaraq vətəndaşlardan 150 manat məbləğində pul alıb onlara vaksinasiyadan keçmədən peyvənd olunmalarını özündə əks etdirən saxta sənəd təqdim ediblər.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, bu şəxslərin eyni üsulla çoxsaylı vətəndaşlardan pul alaraq onları peyvənd olunmadıqları halda “e-TƏBİB” elektron qeydiyyat sistemində vaksin olunmuş şəxslərin siyahısına daxil etdikləri də məlum olub.

Analoji hal Bakı Şəhər Baş Səhiyyə İdarəsinin Kürdəxanı Sağlamlıq Mərkəzində də aşkar edilib. Həmin mərkəzin həkimi Ayaz Kərimov tibb bacısı işləyən Kəmalə Əliyeva ilə birlikdə pul müqabilində ayrı-ayrı vətəndaşlar barədə guya onların vaksin olunmalarını özundə əks etdirən saxta məlumatları “e-TƏBİB” elektron qeydiyyat sisteminə daxil ediblər.

Hər iki faktla bağlı Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsində istintaq araşdırmaları aparılır. İş üzrə əhəmiyyət kəsb edən halların, göstərilən qanun pozuntularında hər hansı formada iştirak etmiş digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edərək koronavirus əleyhinə peyvənd vurulması, habelə COVID-19 testinin nəticələri ilə bağlı vətəndaşlara saxta sənəd verilməsi halları ilə üzləşdikdə “102” Xidməti Zəng Mərkəzi, "961" nömrəli "Çağrı Mərkəzi", "161" nömrəli "Qaynar xətt" əlaqə mərkəzi, o cümlədən Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin sosial şəbəkələrdəki səhifələri vasitəsilə məlumat verilməsini xahiş edir.

Xatırladaq ki, son aylarda Baş Prokurorluq ondan çox vəzifəli şəxsi COVID-lə bağlı saxta sənədlər tərtib etdiyinə gerə məsuliyyətə cəlb edib.

XS
SM
MD
LG