Accessibility links

COVİD pandemiyası dünya boyu aclıq səviyyəsini ikiqat artıra bilər


Açıqlanan yeni hesabatda dünya boyu dörddə bir milyarddan çox insanın COVID-19 pandemiyasının iqtisadi təsirinə məruz qalaraq, aclıqla üzləşə biləcəyi barədə xəbərdarlıq edilir. 2020 Qlobal Ərzaq Böhranları hesabatı Ümumdünya Ərzaq Proqramı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və digər 14 agentlik tərəfindən hazırlanıb.

Hesabatda COVID-19 pandemiyasından əvvəl dünyada 135 milyon insanın aclıqdan əziyyət çəkdiyi bildiriib. Hesabatın müəllifləri ciddi və təcili tədbirlər görülməzsə ilin sonuna qədər pandemiyanın bu rəqəmi ikiqat artıracağı barədə xəbərdarlıq edir.

Hesabatda dünyada aclığın əsas səbəblərinin konfliktlər, iqlim dəyişikliyi və iqtisadi böhranlar olduğu, ən ağır vəziyyətdə Afrika qitəsinin olduğu, onun ardınca Asiya və Latın Amerikasının gəldiyi bildirilir. Məqalədə ciddi qida çatışmazlığdan əziyyət çəkən insanların, təxminən 77 faiz insanın münaqişə zonalarında olduğu qeyd edilir.

Ümumdünya Ərzaq Proqramının baş iqtisadçısı Arif Hüseyin Amerikanın Səsinə Yəmən, Konqo Demokratik Respublikası, Əfqanıstan, Suriya və Cənubi Sudan kimi ölkələrdə insanlarına ən böyük risklə qarşılaşdığını deyib.

"Əgər biz onlara əl uzatmasaq, onların həyatları onsuz da sapdan asılıdır. Buna görə də onlara yardım edilməsə bu onlara çox baha başa gələ bilər. Onsuz da normal vaxtda hər gün təxminən 21 min insan acından ölür. COVID-dən deyil, aclıq səbəbindən hər 10 saniyədə bir uşaq ölür."

Hüseyin bu və digər ölkələrdə risk altında olan insanlara yardım üçün təcili tədbirlər görülməli olduğunu deyir. O, ticarət və təchizat kanallarının hərəkətə keçməli və digər zəruri ehtiyatların hazırlanmalı olduğunu bildirir. Onun sözlərinə görə, yardım agentlikləri təhlükəsizlik və mühafizə planları olan hökumətlərə bu proqramları genişləndirməkdə yardım etməlidir.

"Kənd təsərrüfatı sektorunu unutmamalıyıq. Hazırda yaxşı ehtiyatlarımız var, lakin təchizat zənciri işini dayandırarsa, toxum, gübrə və digər şeylər fermerlərə çatdırılmazsa, gələn il ərzaq çatışmazlığı yaşayacağıq və biz bunun qarşısını almalıyıq" - deyə, Arif Hüseyin bildirir.

BMT-nin yardım agentlikləri gözlənilən ərzaq böhranını həll etmək üçün bu il 10 və 12 milyard dollar arasında maliyəyə ehtiyac olacağını gözləyir. Lakin onlar yaxın 3 ay ərzində xüsusən də müharibə zonaları olmaqla, ərzağa ehtiyacı olan insanları kifayət qədər qida ilə təmin etmək üçün təcili 1.9 milyard dollara ehtiyac olduğunu deyirlər.

XS
SM
MD
LG