Accessibility links

COVID-19 - İran Körfəzi, İran və Misirdə yoluxma halları kəskin artıb


Ərəb mediası koronavirusun yayılmasının qarşısını almaq üçün tətbiq olunan qadağan saatları və digər məhdudiyyətlər qaldırılmağa başlayandan bəri İran Körfəzi bölgəsində, İranda və Misirdə COVID-19 hallarının sayının kəskin şəkildə artdığını bildirib.

Misirdə son zamanlar koronavirusa yoluxma və ölüm hallarının artmasına baxmayaraq, ölkənin idman naziri Əşrəf Sübhi bazar ertəsi mətbuat konfransında futbol oyunçularına iyunun 20-dən etibarən məşqlərini bərpa etməyə icazə veriləcəyini və liqa oyunlarının gələn ay davam edəcəyini deyib. İdman klublarının da yaxın 10 gün ərzində açılacağı gözlənilir.

İdman nazirinin nikbinliyi Səhiyyə Nazirliyinin bazar ertəsi təxminən 100 nəfərin virusdan öldüyü və 1700-ə yaxın yeni yoluxma halının qeydə alındığı haqda xəbərlərdən sonra daha az hiss olunurdu. Səhiyyə naziri Hala Zayed virusa yoluxmanın ən çox yaşlı insanlar arasında olduğunu deyib.

Onun dediyinə görə, COVID-19-a yoluxma və ölüm hallarının sayının artmasına səbəb əsasən xroniki xəstəlikləri olan yaşlı insanların müqəddəs Ramazan ayının ikinci yarısında lazımi tibbi yardım almaq üçün müracitə etməməsi olub.

İranın Səhiyyə Nazirliyinin sözçüsü doktor Sima Sədat Lariyə əsasən, son günlərdə İranda da koronavirusa yoluxma hallarının sayı artıb. O bu günə qədər ölkədə koronavirusa 200 minə qədər insanın yoluxduğunu, lakin 150 mindən çox insanın sağaldığını qeyd edib.

Onun sözlərinə görə, son 24 saat ərzində COVID-19-a 2563 yeni yoluxma halı qeydə alınıb, 939 nəfər xəstəxanaya yerləşdirilib. O əlavə edib ki, son 24 saat ərzində virusdan 115 nəfər ölüb.

İranın bəzi müxalifət mənbələri ölkədə koronavirusa yoluxma hallarının sayının daha çox olduğunu iddia edir. Bununla belə, Amerikanın Səsi bu iddiaları müstəqil şəkildə təsdiq edə bilməyib.

Səudiyyə Ərəbistanının Londonda yerləşən gündəlik Əşarq Əl-Əvsat qəzeti son günlər krallıqda da COVID-19-a yoluxanların sayının artdığını, bazar ertəsi son 24 saar ərzində 41 ölümlə yanaşı, rekord 4.507 yoluxma halının qeydə alındığını bildirib.

Müsbət hal kimi isə son günlər Livan, Tunis, Əlcəzair və Birləşmiş Ərəb Əmirlikləri də daxil olmaqla, ərəb dünyasının bəzi bölgələrində ölüm hallarının sayının azalması göstərilir.

Şərhlərə bax

XS
SM
MD
LG