Accessibility links

COVID-19-a görə məhbusların həbsxanalardan buraxılması ABŞ-da cinayət səviyyəsinə necə təsir edir


Pandemiya zamanı məhbusların saxlanma yerlərində sayının azaldılması səyləri ilə cinayət arasındakı əlaqəni izləyən yeni bir araşdırmanın nəticələri ABŞ-da COVID-19-a yoluxmaların ən yüksək həddə çatdığı zaman bir çox böyük şəhərlərdə məhbusların həbsxanalardan buraxılması ilə cinayətlərin artmadığını göstərib..

Amerika Vətəndaş Azadlıqları Birliyinin tərəfindən bazar ertəsi açıqlanan hesabatda ABŞ-ın ən böyük 29 şəhərində həbsxanadakı məhbuslar və törədilən cinayətlər araşdırılıb. Tədqiqatın nəticələrinə görə, yalnız Kolorado ştatında Denver şəhərindən başqa bütün digər şəhərlərdə daha az həbslər edilməsi və həbsxanalardakı məhbusların sayının azalmasına baxmayaraq, cinayətlərin sayı azalıb.

"Bu müddət ərzində həbsxanada məhbusların sayının azalmasının sonrakı aylarda cinayətkarlıq meylləri ilə əlaqəsi olmadığını gördük. Əslində araşdırılan təxminən hər bir şəhərdə həbsxanada olanların sayı arasında fərqin böyüklüyündən asılı olmayaraq, 2019-cu ilin eyni dövrü ilə müqayisədə 2020-ci ilin mart-may ayları arasında daha az cinayət baş verib" - deyə, hesabatda bildirilib.

Yaz aylarında evdə qalma kimi digər amillər də ABŞ-da cinayət səviyyəsinin aşağı düşməsinə təsir göstərsə də, hesabatın ölkə həbsxanalarındakı təxminən 2,2 milyona yaxın məhbusun sayının azaldılması səylərinə təkan verəcəyi gözlənilir. Bu rəqəm on il əvvələ nisbətən daha aşağı olsa da, ABŞ əsasən narkotik maddələrlə bağlı sərt qanunlar səbəbindən məhbusların sayına görə dünyada lider olaraq qalır.

Texasın cinayət məcəlləsində islahatlarını müdafiə edən mühafizəkar İctimai Siyasət Fondundan Mark Levin bəzi insanların həbsxanada qalmasına ehtiyac olduğu halda belə, məhbusların sayının azalmasının effektiv ola biləcəyini deyib.

"Son 15 il və ya daha çox müddətdə Texasda həbslərin səviyyəsi 40 faiz, cinayət isə səviyyəsi 30 faiz azalıb" - deyə, Levin bildirib.

ABŞ koronavirusun yayılmasının qarşısının alınması məqsədilə insanların evdə qaldığı müddətdə ölkədə cinayət səviyyəsi aşağı düşüb. Məhbusların sayının həddindən artıq çox olduğu həbsxanaların təhlükəli yoluxma mərkəzlərinə çevrilməsi ilə yerli və dövlət rəsmiləri həbslərin sayının azaldılması, bəzi hallarda zəmanət ödənilməsinin ləğv edilməsi və çoxu xəstə və yaşlılar olmaqla, on minlərlə məhbusun azad edilməsi kimi qeyri-adi addımlar atır.

XS
SM
MD
LG