Accessibility links

COVID-19-a yoluxanların sayı artmaqda davam edir


Dünya boyu COVID-19-a yoluxma halları artmağa davam edir.

Bütün dünyada koronavirusa yoluxanların sayı 2.8 milyonu, ölənlərin sayı isə 197 min nəfəri keçib.

Yaponiyada yan alan İtaliyanın kruiz gəmisində koronavirusa yoluxma halları artmaqda davam edir. Gəmidə ekipaj üzvləri olsa da, sərnişin yoxdur. Costa Atlantica gəmisi bu ilin əvvəlində təmir üçün Çinə üz tutmuş, lakin bunun əvəzinə Naqasakiyə yönləndirilmişdi.

Ekipaj üzvlərinə gəmidə qalmalarına dair göstəriş verilsə də, bəzi mətbuat orqanlarında onların Naqasakidə görüldüklərinə dair xəbərlər yer alıb.

Yerli rəsmilər deyir ki, azı 91 ekipaj üzvünün koronavirus testi müsbət çıxıb. Onların çoxu asimptomatikdir, bir nəfər isə xəstəxanaya yerləşdirilib.

İspaniya 219 min yoluxma halı ilə yoluxmalara görə Avropa ölkələri arasında birinci yerdədir. Orada virus nəticəsində ölənlərin sayı 22.500-ə çatıb. İkinci yerdə isə 192 min yoluxma halı ilə İtaliya gəlir ki, orada ölənlərin sayı təxminən 26.000-ə çatıb.

Bir neçə Avropa ölkəsində yeni yoluxma hallarında azalma baş verib və onlar tədricən biznesləri açmağa və məhdudiyyətləri yüngülləşdirməyə hazırlaşırlar.

ABŞ-da yoluxma halları bir milyona yaxınlaşır. Son məlumatlara görə, ölkə boyu 905 min insan virusa yoluxub, 52 minə yaxın insan ölüb. Yoluxma hallarının artmasına baxmayaraq, bəzi ştatlar cümə günü iqtisadiyyatlarını yenidən açmaq yolunda addımlar atıb. Corciya və Oklahoma ştatları salonlar, spalar və bərbərxanaların açılmasına icazə verib. Bəzi bisnes sahibləri maddi çətinliklərlə üzləşmələrinə baxmayaraq işlərini açmaq üçün hələ tez olduğunu və bunun koronavirus infeksiyalarını yenidən artmasına səbəb ola biləcəyini deyir.

ABŞ Konqresinin Büdcə İdarəsi bildirir ki, koronavirusun Birləşmiş Ştatlarda səbəb olduğu iqtisadi çətinliklər gələn ilədək davam edəcək.

Heç bir partiyaya mənsub olmayan idarə bildirib ki, ABŞ-ın büdcə kəsiri bu il 1 trilyon dollardan 3.7 trilyon dollaradək artacaq və işsizlik səviyyəsi fevralda 3.5 faizdən sentyabr ayında 16 faizədək artacaq. İdarə işsizlik səviyyəsinin ondan sonra azalacağını, amma 2021-ci ildə də 10 faizdən çox olacağını təxmin edir.

ABŞ prezidenti Donald Tramp kiçik bizneslərə kreditlər verməyə davam etmək və xəstəxanalara COVID-19 testlərini artırmağa yardım etmək məqsədilə 484 milyard dollarlıq əlavə yardım paketi imzalayıb.

Bundan əlavə cümə günü G-20 qrupu “bütün ölkələri, beynəlxalq təşkilatları, özəl sektoru, xeyriyyə müəssisələrini və fərdi şəxsləri” COVID-19-a qarşı mübarizə aparmaq səylərinə maddi dəstək verməyə çağırıb və 8 milyard dollar toplamağı hədəf qoyub.

19 ölkə və Avropa İttifaqının hökümətləri və mərkəzi bank sədrlərindən ibarət beynəlxalq forum cümə günü Böyük İyirmiliyin artıq 1.9 milyard dollar topladığını açıqlayıb. G-20-nin hazırkı prezidenti Səudiyyə Ərəbistanı 500 milyon dollar ianə edib.

Koronavirusun hələ ki, müalicəsi tapılmadığı üçün, dünya boyu səhiyyə rəsmiləri gigiyena qaydalarına əməl etmək kimi qoruyucu tədbilərin görülməsini, sosial məsafənin qorunmasını və maska və əlcəklərin taxılmasını tövsiyyə edir. Lakin bir çox yerdə insanlar yoluxma hallarının artmasına baxmayaraq, artıq məhdudiyyətlərdən bezib.

Koronavirusun qlobal iqtisadiyyata məhvedici təsirləri olub, lakin Beynəlxlaq Valyuta Fondu və digər təşkilatlar xəbərdarlıq edir ki, ən pis təsirə inkişaf etməkdə olan ölkələr məruz qalacaqlar.

Birləşmiş Millətlər Təşkilatının ərzaq idarələri bu il 265 milyona yaxın insanın kəskin aclıqla üzləşəcəklərini təxmin edir ki, bu, keçən illə müqayisədə iki dəfə çoxdur. BMT-nin baş katibi Antonio Quterreş hökümətləri bütün insanların səhiyyə sistemlərinə çıxışlarının olmasını və virusun ən çox təsirinə məruz qalanlara iqtisadi yardım paketləri ilə təmin etməyə çağırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ amerikalıları təcili şəkildə Rusiyanı tərk etməyə çağırıb
please wait

No media source currently available

0:00 0:10:11 0:00
XS
SM
MD
LG