Accessibility links

COVID-19 səbəbilə plastik tullantıların sayı artır


COVID-19 səbəbilə plastik tullantıların sayı artır
please wait

No media source currently available

0:00 0:02:31 0:00

Təmiz hava, daha az karbon dioksid emissiyaları və daha təmiz su – koronavirus pandemiyası mart ayının ortalarında ABŞ-da başlamadan öncə ətraf müit fəalları bu cür müsbət dəyişikliklərin olduğuna sevinirdilər. Amma aylarla davam edən bağlanma tədbirləri onlayn istehlakın və bununla da plastik torbalar, üz maskaları və əlcəklər kimi tullantıların artmasına gətirib çıxardı.

Amara Vicitonq Tailandın Pattaya kurort şəhərinin yaxınlığındakı körfəzin hər bir qarışını diqqətli bir şəkildə yoxlayır. O, atası ilə birlikdə sudan plastik tullantıları çıxarır.

“Mən qorxuram ki, COVID-dən sonra dəniz zibillərlə dolsun. Yerli ətraf mühit fəalları deyir ki, plastik tullantıların səviyyəsi aprel ayında 50 faiz artıb. Tullantıların 80 faizini isə plastik yemək qabları, su butulkaları, birdəfəlik bağlamalar təşkil edir,” o deyir.

ABŞ-da mart ayının ortasında pandemiya başlayanda onlayn alış-veriş 240 faiz artıb. Hər gün insanların evlərinə milyonlarla plastik torba, bükmə kağızı, aerozol, əlcək və üz maskaları göndərilir. Nəticədə şəhərlərdə plastik tullantıların sayı artıb.

“Təkcə 2020-ci ilin mart və aprel aylarında bir çirkab suların nasos stansiyasında ötən ilin mart və aprel ayları ilə müqayisədə yaş dəsmalların sayı 17 ton artıb,” Vaşinqton Şəhərətrafı Saniratiya Komissiyasından Lin Riggins deyir.

Plastik torbalardan istifadə də kəskin şəkildə artıb. Bəzi ştatlar plastik torbalardan istifadəyə qadağanı pandemiya səbəbilə təxirə salıb, bir çox ərzaq marketləri isə virusun yayılmasının qarşısını almaq üçün yenidən istifadə edilə bilən torbalardan istifadəni tamamilə dayandırıb.

Bəzi ətraf mühit fəalları bu tədbirlərin faydalı olmadığını deyir.

“Cons Hopkinsin bir araşdırmasının nəticələri COVID-19-un plastik üzərində daha uzun müddət qaldığını göstərib,” The Last Plastic Straw-nın təsisçisi Ceki Nunez bildirir.

Yenidən emal şirkətləri isə həm də neftin qiymətinin düşməsi səbəbilə çətinliklə üzləşirlər.

“Yenidən emal şirkətinin tullantıları toplayıb, emal etmək xərcləri olur. Şirkət yenidən emal olunmuş materialı satır. Materialı satdığı qiymət isə neftin qiymətinə müvafiq olaraq təyin olunur. Yəni, neftin qiyməti azalanda yenidən emal şirkətlərinin bir çoxu rəqabətə dözümlü ola bilmir,” TerraCycle-ın təsisçisi Tom Szaki deyir.

Ətraf mühit fəalları deyir ki, hər il təxminən 8 milyon ton plastik okeanlara tökülür. Mütəxəssislər plastik istehsalının növbəti 10 il ərzində 40 faiz arta biləcəyini deyir. Bu plastiklərin yalnız kiçik bir hissəsi yenidən emal oluna biləcəyi üçün vəziyyət çox acınacaqlıdır.

Pew Araşdırma Mərkəzinin sorğularının nəticələrinə görə, amerikalıların 64 faizindən çoxu ətraf mühiti qorumağın Konqresin prioriteti olmalı olduğunu düşünür. Amma ekspetlər narahatdır ki, pandemiya və onun iqtisadi təsirləri ətraf mühit və çirklənmə məsələlərini gündəmdən çıxara bilər.

XS
SM
MD
LG