Accessibility links

COVID-19-un yeni variantı ilə bağlı narahatlıqlar artır


Cənubi Afrikada koronavirusun peyvəndlərə qarşı davamlı olan yeni variantının aşkarlanması ilə bir çox Avropa və Asiya ölkələri bəzi Afrika ölkələri ilə sərhədlərini bağlamağa başlayıb.

Britaniya Cənubi Afrikada Respublikasından (CAR) və qonşu Afrika ölkələrindən uçuşları dayandırmaq qərarına gəldiyi vaxt bu ölkələrdən qayıdan Britaniya vətəndaşları da karantin tətbiq edilir. Avropa Komissiyasının rəhbəri Ursula Von der Leyen Avropa İttifaqı ölkələrinin bölgədən səyahətləri dayandırmağa hazırlaşdığını deyib.

"Vəziyyət çox sürətlə dəyişir. Biz bu variantın yayılmasını yavaşlatmaq üçün əlimizdən gələni etdiyimizə əmin olmaq istəyirik" - deyə, Von der Leyen 27 üzv dövlətin nümayəndələrini görüşə çağırıb.

Ancaq Aİ-nin bir çox ölkəsi Komissiyanın qərarını gözləmədən tədbirlər görməyə başlayıb. İtaliyanın Səhiyyə naziri Roberto Sperantsa CAR, Lesoto, Botsvana, Zimbabve, Mozambik, Namibiya və Esvatinidən uçuşların dayandırıldığını açıqlayıb.

Fransa hökuməti də bu səhər Cənubi Afrika Respublikasına uçuşları dayandırdığını bildirib. Fransa CAR, Lesoto, Botsvana, Zimbabve, Mozambik, Namibiya və Esvatiniyə uçuşları ən azı 48 saat dayandırıb. Son 14 gündə bu ölkələrdən birinə səyahət etmiş insanlardan rəsmilərə məlumat vermələri və mümkün qədər tez bir zamanda PCR testi etmələri tövsiyə olunur. Almaniya da bölgəni riskli bölgə kimi təsnif edəcəyini bəyan edib.

Britaniyanın nəqliyyat naziri Qrant Şapps CAR-dan uçuşları dayandırmaq qərarından sonra Sky News telekanalına danışıb. "Alimlər bunun indiyə qədər görülən ən təsirli variant olduğunu deyirlər. Yeni varianta qarşı peyvəndlərin necə qoruyacağı dəqiq məlum deyil. Bununla belə, Britaniya Sağlamlıq Təhlükəsizliyi Agentliyinin verdiyi açıqlamada qeyd olunub ki, yeni variantda struktur fərqi vaksinlərin qorunması baxımından narahatlıq doğurur" - deyə o bildirib.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da bu gün məsələni qiymətləndirmək üçün iclas keçirir. İclasda yeni variantın yaratdığı risklər müzakirə olunacaq.

Bəzi ekspertlər qeyd edirlər ki, bölgəyə indi səyahət məhdudiyyətlərinin tətbiq edilməsi çox gec ola bilər.

Bununla belə, Cənubi Afrika Respublikasının rəsmiləri səyahət məhdudiyyəti qərarını yenidən nəzərdən keçirmək üçün bu gün Böyük Britaniya hökuməti ilə yenidən görüşəcəklərini açıqlayıb.

B.1.1.529 kodlu variantın Cənubi Afrikadan başqa Botsvanada da aşkar olunduğu bildirilir.

Asiya ölkələrindən Hindistan Cənubi Afrika və ətrafdakı ölkələrdən gələn şəxslərlə bağlı nəzarətin gücləndirilməsinə qərar verildiyini açıqlayıb. Sinqapur bölgədən uçuşları dayandırmaq qərarına gələn başqa bir ölkə olub. Yaponiya Cənubi Afrikadan və 5 regional ölkədən səyahətlərə nəzarəti artırmaq qərarına gəlib. Tayvan isə bölgə ölkələrindən gələnlərin məcburi karantinə alınacağını açıqlayıb.

XS
SM
MD
LG