Accessibility links

Sorğu: Koronavirusa qarşı peyvəndlərə dəstək artır


Beynəlxalq araşdırmanın nəticələri çoxu Britaniya və İsveçdə olmaqla, 2020-ci ilin sonu ilə müqayisədə bəzi ölkələrdə COVID-19 peyvəndlərinə dəstəyin artdığını göstərib.

Çoxmillətli rabitə şirkəti Kekst CNC bazar ertəsi altı ölkədə - Britaniya, Fransa, Almaniya, Yaponiya, İsveç və ABŞ-da aparılan sorğunun nəticələrini dərc edib.

Sorğu nəticələri keçən ay britaniyalıların 89% -nin peyvənd edilməsinin tərəfdarı olduğunu göstərib. Halbuki keçən ilin sentyabr ayında peyvənd vurdurmaq istəyənlər 65% təşkil edirdi.

2020-ci ilin sentyabr ayında peyvənd vurmağa 51% insanın razı olduğu İsveçdə hazırda peyvəndi əhalinin 76%-i qəbul etmək istəyir.

Tədqiqat göstərib ki, dünya miqyasında peyvəndi kişilərin 68%-i, qadınların isə 55%-i dəstəkləyir.

Araşdırma yaşlı və orta yaşlı insanların sentyabr ayından bəri peyvənd alma ehtimalının artdığını göstərib.

Araşdırma britaniyalıların 75%-inin ölkədəki peyvənd kampaniyasının sürətindən məmnun olduğunu göstərsə də, bunun digər ölkələrdə - ABŞ-da 32%, Fransada 22% və İsveçdə 20% -ə qədər az olduğunu göstərib.

Kekst CNC sorğuları fevralın ortalarından başlayaraq 10 gün ərzində keçirib. Hər ölkədən 1000 nəfər sorğularda iştirak edib.

Bazar günü ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin məsləhət paneli 18 yaşdan yuxarı insanlara tətbiq edə biləcəyi Johnson & Johnson peyvəndini təsdiqləyib.

Üç qitədə aparılan araşdırmaların nəticələri Johnson & Johnson peyvəndinin koronavirusun səbəb olduğu COVID-19-un ağır formalarının, xəstəxanaya aparılmanın və ölüm hallarının 85% qarşını aldığını göstərib. Bu peyvənd Cənubi Afrika variantının yayıldığı ölkələrdə də təsirlidir.

Johnson & Johnson şirkəti rəsmisinin bildirdiyinə görə, təxminən 4 milyon doz peyvənd çərşənbə axşamı səhər paylanacaq. Bu, bir dozlu peyvənd Pfizer-BioNTech və Moderna tərəfindən istehsal olunan iki dozlu peyvəndlərdən sonra Ərzaq və Dərman Administrasiyası tərəfindən koronavirusa qarşı təsdiqlənmiş üçüncü peyvənddir.​

XS
SM
MD
LG