Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) çərşənbə günü verdiyi açıqlamasında AstraZeneca peyvəndinin COVID-19-a faydalarının risklərindən daha çox olduğuna inandığını və peyvəndlərin tətbiqinə davam etməsini tövsiyə etdiyini deyib.
Təşkilat bəzi Avropa İttifaqı ölkələrinin AstraZeneca peyvəndi vurulan bəzi insanlarda qan laxtalanması barədə xəbərlərdən sonra peyvəddən istifadəni müvəqqəti olaraq dayandırdığını bildirib.
Ümumdünya Səhiyyə Təşkilatının açıqlamasında bildirilib ki, COVID-19-a qarşı hər hansı peyvənd xəstəliklər və ya ölümlərin sayını artırmır. Təşkilat tromboembolik hallar olaraq bilinən qan laxtalanmalarının tez-tez baş verdiyini və dünya miqyasında ən çox rast gəlinən ürək-damar xəstəliyi olan Venoz Tromboembolizmin nəticəsi olduğunu deyib.
Təşkilatın dediyinə görə, peyvənd kampaniyaları zamanı ölkələr immunizasiyadan sonra baş verə bilən xoşagəlməz hallar barədə məlumat verir və bu, araşdırmalar üçün yaxşı bir təcrübədir, lakin bu, həmin halların peyvəndlə əlaqəli olması demək deyil.
Açıqlamada təşkilat COVID-19 peyvəndinin təhlükəsizliyi ilə bağlı son məlumatları almaq üçün Avropanın dərman tənzimləyicisi, Avropa Dərman Agentliyi (EMA) və dünyanın digər tənzimləyiciləri ilə mütəmadi təmasda olduğunu bildirib.
Avropa Dərman Agentliyi eyni zamanda qan laxtalanmaları barədə məlumatları da araşdırır. Çərşənbə axşamı AstraZenca şirkəti peyvəndinin faydaları və riskləri barədə oxşar bir açıqlama verib.
Ümumdünya Səhiyyə Təşkilatı Peyvənd Təhlükəsizliyi üzrə Qlobal Məsləhət Komitəsinin AstraZeneca peyvəndi ilə bağlı mövcud təhlükəsizlik barədəki son məlumatları diqqətlə qiymətləndirməkdə davam etdiyini və əldə etdiyi nəticələri dərhal açıqlayacağını bildirib.