Accessibility links

Britaniyada yeni məhdudiyyətlər tətbiq edilib, Nyu Yorkda virusun yeni variantı aşkar edilib


Britaniyada səhiyyə işçiləri və yaşlı insanların vaksinasiyası başlandığı bir vaxt Britaniyanın baş naziri bazar ertəsi məktəblər və qeyri-əhəmiyyətli mağazaları bağlamaqla yeni məhdudiyyətlərin tətbiq edildiyini elan edib.

Baş nazir Boris Conson pandemiya başlayandan bəri Britaniya xəstəxanalarının ilk dəfə təzyiq altında olduğunu və buna görə də insanların azı fevral ayının ortalarına qədər evdə qalmalı olduqlarını deyib.

“Peyvənd proqramı müvəffəqiyyətlə davam edərsə, peyvənd təsir etdikcə ölümlər azalmağa başlayarsa və hər kəs qaydalara riayət etməyə davam edərsə, ümid edirəm ki, onda təcridə son qoyulacaq” - deyə, Conson bazar ertəsi televiziya ilə müraciətində bildirib.

Bu açıqlama Britaniyanın səhiyyə rəsmilərinin koronavirusun həkimlərin əvvəlkindən daha yoluxucu olduğu dediyi yeni variantını təsdiqləməsindən bir neçə gün sonra verilib.

Nyu York ştatının qubernatoru Endryu Kuomo bazar ertəsi bildirib ki, bu yaxınlarda heç bir yerə səyahət etməyən ştat sakinlərindən birində koronavirusun yeni variantı aşkar edilib.

Koronavirusun B-117 variantı Kalifornia, Kolorado və Florida ştatlarında, habelə artıq dünyanın 30-dan çox ölkəsində aşkar edilib.

Bazar ertəsi Britaniyada koronavirusa qarşı AstraZeneca əczaçılıq şirlkətinin hazırladığı peyvənd ilk dozalarının tətbiqinə başlanılıb. İlk doza Oxfordun Çörçill Xəstəxanasında 82 yaşlı bir diyaliz xəstəsinə vurulub.

Britaniya rəsmiləri peyvəndin yarım milyon dozasının istifadəyə hazır olduğunu bildirib.

AstraZeneca peyvəndi Pfizer-BioNTech peyvəndindən daha ucuzdur və daha asan nəql olunur. Belə ki, AstraZeneca peyvəndinin həddən artıq soyuq temperaturda saxlanılmasına ehtiyac yoxdur. Pfizer peyvəndi artıq Britaniya və ABŞ-da bir çox səhiyyə işçisinə tətbiq edilib.

Pfizer-BioNTech peyvəndini tətbiq edən Fransa ictimaiyyətin tənqidlərindən sonra səhiyyə işçilərinin vaksinasiyasını sürətləndirməyi vəd edib.

Bazar günü Hindistan da Britaniyada istifadə edilən AstraZeneca peyvəndinin təcili istifadəsinə icazə verib.

Hindistan özünün hazırladığı peyvəndin fövqəladə hallarda istifadəsinə icazə versə də, lakin bəzi səhiyyə mütəxəssislər yerli istehsal olan peyvəndin tələsik təsdiqlənməsindən narahatlıqlarını bildirib.

All India Drug Action Network təşkilatı Hindistanın peyvəndlə bağlı şəffaflığını və peyvəndin effektivliyi barədə məlumatın olmaması ilə bağlı suallar qaldırıb.

Rusiyanın səhiyyə naziri Mixail Muraşkonun bildirdiyinə görə, 800 mindən çox insana yerli istehsal edilən olan Sputnik-V peyvəndi vurulub və 147 milyon əhalisi olan ölkədə peyvəndin 1,5 milyon dozası paylanılıb.

Cons Hopkins Universiteti 2019-cu ilin dekabrında Çində ortaya çıxandan bəri dünya boyu koronavirusun 1,8 milyondan çox insanın ölümünə səbəb olduğunu bildirib.

XS
SM
MD
LG