Accessibility links

CDC ölkədəki hamilə qadınları COVID-19 əleyhinə peyvənd vurdurmağa çağırıb


ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC) bir daha ölkədəki hamilə qadınları COVID-19 əleyhinə peyvənd vurdurmağa çağırıb.

Çərşənbə günü açıqlanan məlumatda deyilib ki, bu, hamilə qalmağa çalışan və ya bu yaxınlarda hamilə qalan qadınlara da şamil edilir. Mərkəz virusun hamiləlik dövründə ciddi xəstəlik və ölümə, körpələrin erkən və ya ölü doğulmasına səbəb ola biləcəyi, eləcə də digər riskləri artıra biləcəyi ilə bağlı ciddi xəbərdarlıq edib.

Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi Amerika Birləşmiş Ştatlarında təxminən 125 min hamilə qadının COVID-19 testinin müsbət çıxdığını, 22 mininin xəstəxanaya yerləşdirildiyini və 22-si avqust ayında olmaqla,161 nəfərin öldüyünü bildirib. Mərkəzin bildirdiyinə görə, COVID-19-la xəstəxanaya yerləşdirilən hamilə qadınların 97%-i peyvənd olunmayıb.

Keçən ay CDC açıqlamasında peyvəndin faydalarının uşaq salma və ya hər hansı digər potensial ağırlaşmalar riskindən daha yüksək olduğunu bildirmişdi.

Digər tərəfdən isə ABŞ-da qərargahlanan Merck dərman şirkəti sınaqdan keçirdiyi COVID-19 dərmanının xəstəliyin məlum variantlarına qarşı təsirli olduğunu bildirib. Şirkət çərşənbə günü bildirib ki, erkən mərhələdəki klinik sınaqlar yeni Molnupiravir dərmanının ilkin diaqnoz qoyulduqdan sonra beş gün müddətində xəstələrə verildikdə təsirli olduğunu göstərib.

Merck Molnupiravir-in biri COVID-19-un müalicəsi, digəri isə virusa yoluxanda sonra profilaktika və ya profilaktik müalicə olmaqla, iki genişmiqyaslı son mərhələ sınağına başladığını bildirib.

XS
SM
MD
LG