Pew Araşdırma Mərkəzinin sentyabrın əvvəlində apardığı sorğuya görə, amerikalıların 49 faizi, yəni təxminən yarısı bildirib ki, əgər koronavirusa qarşı peyvənd olsa idi, onlar yəqin və ya çox ehtimal ki, onu etməyəcəklərdi.
Peyvəndi rədd edəcəyini deyən 49 faiz insan onun yan təsirləri ilə bağlı narahatlıqlarını bildirib.
Xalq etibarlı bir COVID-19 peyvəndinin hazır olacağına inamını itirib. Belə ki, Pew Araşdırma Mərkəzinin may ayında keçirdiyi sorğu zamanı amerikalıların 72 faizi hazır olacağı təqdirdə peyvəndi vuracağını bildirmişdi.
Bu ay keçirilən sorğuda isə yalnız 21 faiz insan peyvəndi vuracağını deyib.
Mərkəzin bildirdiyinə görə, rəy sorğuları göstərib ki, amerikalıların 77 faizi ABŞ-da inkişafda olan peyvəndlərin təhlükəsizliyi və effektivliyi ilə bağlı tam əminlik olmadan təsdiq olunacağına inanır.
Sorğuda iştirak edən 10 mindən çox amerikalının 78 faizini peyvəndin tez bir zamanda təsdiq ediləcəyi narahat edir və onlar onun təhlükəsizlik və effektivliyini sual altına alır. Yalnız 20 faiz peyvəndin təsdiqinin çox gec olacağından narahatdır.
Cons Hopkins Koronavirus Tədqiqat Mərkəzi cümə axşamı dünyada 30 milyondan çox COVID-19-a yoluxma, 950 min ölüm halının qeydə alındığını bildirib.
ABŞ 6,6 milyon yoluxma halı ilə dünyada birinci yerdədir. Ondan sonra Hindistan gəlir ki, orada 5,1 milyon, Braziliyada isə 4,4 milyon yoluxma qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı cümə axşamı koronavirusun yenidən "qorxulu dərəcədə" Avropada yayılmağa başladığını bildirib və Avropa hökumətlərinə bunun "təhlükə siqnalı" olduğu barədə xəbərdarlıq edib.
Ümumdünya Səhiyyə Təşkilatının Avropa şöbəsinin rəhbəri doktor Hans Kluge Kopenhagendə keçirdiyi virtual mətbuat konfransı zamanı 25-lə 49 yaş arasındakı insanlar arasında yoluxma hallarının daha sürətli olduğunu deyib. Təşkilat yaşlı insanlar arasında da yoluxmaların sürətinin artdığını qeyd edib.
Kluge yoluxmaların sayının artmasının genişmiqyaslı testlərin keçirilməsi ilə əlaqədar olduğunu, eyni zamanda isə virusun regionda həyəcanverici dərəcədə yayıldığını göstərdiyini deyib.
ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlnin bu həftə açıqladığı məlumatında deyilir ki, 21 yaşından kiçik azlıqların COVID-19-a yoluxma riski eyni yaş qrupundan olan ağ amerikalılarla müqayisədə xeyli yüksəkdir.
Fevral ayının 21-dən iyul ayının 31-dək 27 ştatdan alınan məlumatlara görə, koronavirusdan 21 yaşdan aşağı 121 nəfər ölüb. Onların 75 faizdən çoxu latın amerikalılar, qaradərililər, amerikalı hindular və Alyaskanın yerli əhalisi olub, baxmayaraq ki, onlar ABŞ əhalisinin sadəcə 41 faizini təşkil edir.
Hesablamalara görə, ispandilli uşaqlar arasında ölüm halları 44 faiz, qaradərili uşaqlarda 29 faiz təşkil edibsə, ağ amerikalı uşaqlarda 14 faiz olub. Amerikalı hundular və Alaskanın yerli əhalisi COVID-19 ölümlərinin 4 faizini təşkil edib. Asiya və Sakit Okean adalarında da ölüm nisbəti eyni olub.