Böyük fəlakətlərə səbəb olan COVID-19 pandemiyası kifayət deyilmiş kimi payızda başlayacaq qrip mövsümü milyonlarla xəstəlik, yüz minlərlə insanın xəstəxanalara yerləşdirməsi və on minlərlə əlavə ölüm halları ilə onsuz da gərgin olan Amerika səhiyyə sistemində böhranı daha da artıracaq.
"Biz həqiqətən fəlakət potensialını vurğulamaq istəyirik" - deyə, Birminqhamdakı Alabama Universitetinin Yoluxucu Xəstəliklər Bölməsinin direktoru və Amerika Yoluxucu Xəstəliklər Cəmiyyəti idarə heyətinin üzvü Cin Morrazzo jurnalistlərə bildirib.
Mütəxəssislər səhiyyə işçiləri və xəstəxanalardakı yükün səviyyəsinin azaldılması üçün hər kəsi qripə qarşı peyvəd etməyə çağırır.
Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin hesablamalarına görə, hər il ABŞ-da qripdən 61 min nəfər ölür və 810 min nəfər xəstəxanalara yerləşdirilir.
Cons Hopkins Universitetinin Koronavirus Resurs Mərkəzi COVID-19-dan bu günə qədər təxminən 200 min amerikalının öldüyünü bildirib. Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin bildirdiyinə görə, gündə koronavirusdan orta hesabla 800 amerikalı ölür və bu rəqəm demək olar ki, həftələrdir dəyişmir.
Harvard Universitetinin T. H. Çan adına Xalq Sağlamlığı Məktəbinin epidemiologiya üzrə dosenti Maykl Mina "payız gəldikdə bunun daha da pisləşəcəyini düşünürəm" deyib.
Payız və qış mövsümlərində soyuqdəymə və qrip də daxil olmaqla, bir çox tənəffüs yoluxucu xəstəliklər artır və bunun səbəbi tam aydın deyil. Lakin bu xəstəliklərə səbəb olan viruslar isti və nəmli havaya nisbətən soyuq və quru havada daha asan yayıla bilir. İnsanlar qapalı yerlərdə eyni hava ilə nəfəs alaraq, xəstəlikləri daha çox yayır. Uşaqlar virusa məktəbdə evdə olduqlarından daha asan yoluxur.
Hava şəraitinin COVID-19-un yayılmasına nə qədər təsir etdiyi aydın deyil və alimlər bunu araşdırır.
"Lakin koronavirusun soyuqdəyməyə səbəb olan digər viruslarla əlaqəsi var və biz bunun oktyabr, noyabr, dekabr aylarında artdığını müşahidə etmişik" - deyə, Maykl Mina bildirib.