Accessibility links

ABŞ-da saxta peyvənd sənədlərinin qara bazarı sürətlə inkişaf edir


Federal və yerli hökumətlər, müəssisələr və universitetlərin COVID-19-a qarşı vaksinasiyaya dair sübut haqda tələbi artdıqca qara bazarda saxta peyvənd sənədlərinin sürətlə artdığı müşahidə edilir.

ABŞ-ın Ohayo ştatının Sinsinnati şəhərinin gömrük işçiləri avqustun 16-dan bəri 1683 saxta COVID-19 peyvənd kartı və 2034 saxta Pfizer peyvəndi etiketləri olan beş konteyner ələ keçirib. Çindən göndərilən yüklər Illinoys, Merilend, Missuri, Nyu York və Texas ştatlarındakı şəxsi evlər və mənzillərə göndərilib.

Avqust ayında Çicaqoda bir əczaçı eBay saytında Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) onlarla orijinal COVID-19 peyvənd kartlarını satmaqda günahlandırılaraq həbs edilib. İyul ayında Şimali Kaliforniyada bir naturopat-həkim COVID-19-a qarşı saxta immunizasiyas və peyvənd kartları satmaq iddiası ilə həbs edilib.

Hüquqşünaslar saxta peyvənd kartlarını saxta pul və ya saxta sürücülük vəsiqələri ilə müqayisə edir.

"Bu bir növ fırıldaqçılıqdır. Hökumətdən nişanları və peyvənd edildiyinizi təsdiq edən sənədləri oğurlamanız - bunların hər ikisi eyni cinayətin fərqli üslubudur" - deyə, Pensilvaniya ştatının Pittsburq şəhərindəki Düken Universitetinin hüquq üzrə professoru Vesli Oliver bildirir.

Prezident Co Bayden bu yaxınlarda 100 və ya daha çox işçisi olan bütün müəssisələrdən işçilərindən ya peyvənd vurdurmalarını, ya da həftədə bir dəfə COVID-19 testindən keçmələrini tələb etməyə çağırıb.

Qlobal kiber-təhlükəsizlik şirkəti Baydenin sentyabrın əvvəlində peyvənd mandatını elan etməsindən sonra saxta peyvənd kartlarının qiymətinin və onları satanların sayının artdığını bildirib.

Keçən ay Nyu Yorkda 15 nəfər saxta COVID-19 peyvəndi kartlarının satılması və alınması ilə əlaqədar ittiham edilib. İnstaqramda özünü @AntiVaxMomma adlandıran bir qadın hər saxta kartı təxminən 200 dollara, hər saxta peyvənd sertifikatını isə 250 dollara satmaqda günahlandırılıb.

Daha bir şübhəli, 27 yaşlı bir klinikanın işçisinin azı 10 nəfərin saxta peyvənd məlumatlarını Nyu Yorkun peyvənd məlumat bazasına daxil etdiyi üçün onların hərəsindən 250 dollar aldığı iddia edilib. Saxta peyvənd kartları almaqda günahlandırılan insanlar arasında səhiyyə və tibb işçiləri var.

XS
SM
MD
LG