Venesiyanın əvvəllər heç vaxt belə aydın görmədiyim boş qalmış su kanalları və sıra ilə düzülmüş, istifadə olunmayan qondoloları əbədi olaraq yadımda qalacaq. Bu sözləri Amerikanın Səsinin İtaliyadakı müxbiri Sabina Kastelfranko deyir. O, Venesiyaya bu günlər səfəri ilə bağlı təəssüratlarını bölüşüb.
"Hər kəs ömründə ən azı bir dəfə bu şəhəri görməyə, uşaqlarını dünyanın həqiqətən unikal yerlərindən biri olan bu şəhərə gətirməyə çalışır. Şəxsən mən Venesiyada dəfələrlə olmuşam, lakin bu şəhəri turist olmadan görmək heç vaxt ağlıma gəlməmişdi.
Su üzərində qurulan bu inanılmaz şəhəri hər il dünyanın dörd tərəfindən gələn milyonlarla ziyarətçi olmadan görmək mümkün deyildi. Onlar adətən dar xiyabanlar boyunca gəzər, Kədərli Körpüdə və ya müqəddəs Mark Meydanında selfi çəkməklə məşğul olardı.
COVID-19 son iki ayda İtaliyada çox ciddi təcridə səbəb oldu və Venesiya yeni bir həqiqətlə üzləşdi ki, bunun hələ bir neçə həftə də davam etmə ehtimalı var.
Venesiyalıların illərdir şikayət etdiyi böyük kruiz gəmilərinin yaxın zamanlarda yenidən görünməsi çox guman ki, çətin olacaq. Veneto regionundan kənarda olan italyanlar yəqin ki, laqun şəhərini çox fərqli bir şəkildə görmək üçün buraya ilk gələnlərdən olacaq.
Şəxsən mən keçən həftə gözəl və unudulmaz bir təcrübə yaşadım. Yerli hökumət məhdudiyyətləri yüngülləşdirməyə başladıqdan sonra şəhərdə qoruyucu maskalar geymiş venesiyalıların özlərindən başqa heç kim olmayıb.
Ən məşhur Karnaval ayında fərqli maskalar taxan venesiyalılar yəqin ki maska taxmağa alışmışlar.
Fevralın 21-nə keçən gecə Venesiya Karnavalının ən məşhur Doc Balında oldum. Bu, Covid-19-un Veneto bölgəsini vurduğu gün idi və bu səbəbdən Venesiya Karnavalının qalan tədbirləri ləğv edildi.
Yerli sakinlər və qonaqlar üçün fərqli qiymətləri olan məşhur bərə və ya "vaporetti" adlanan nəqliyyat vasitəsi də daxil olmaqla, ictimai nəqliyyatdan tutmuş, regionda iqtisadiyyatın bütün sahələri böhran yaşayır.
"Vaporetti" Venesiyada məhdudiyyətlərdən sonra davam edən yeganə nəqliyyat vasitəsi oldu, baxmayaraq ki, əvvəllər dolu olan bərələr demək olar ki, boşdur.
Venesiyanı gəzərkən onun ecazkar gözəlliyinə heyran oluram - Müqəddəs Mark Meydanından tutmuş Böyük Kanalın digər tərəfindəki əzəmətli Santa Maria Della Salut kilsəsinə qədər."