Accessibility links

Krımda Rusiya hərbi bazasında partlayışlar baş verib


Avqustun 9-da günorta saatlarında Ukraynanın ilhaq edilmiş Krımın yarımadasında Novofedorovka qəsəbəsindəki Rusiya hərbi hava bazasında silsilə partlayışlar baş verib. Bölgənin qubernatoru Sergey Aksyonov bildirdiyinə görə, hadisə yerində bir nəfər ölüb, beş nəfər isə yaralanıb. Partlayışların səbəbi məlum deyil.

Rusiya Müdafiə Nazirliyi hərbi hava bazası ərazisində sursatın partladığını iddia edir. Ukrayna hökuməti hadisə ilə əlaqədar dərhal şərh verilməyib. Ukrayna Müdafiə Nazirliyi “yanğının səbəbinin müəyyən edilmədiyini” bildirib və “yanğın təhlükəsizliyi qaydaları və müəyyən edilmiş yerlərdə siqaret çəkmək qadağasını” xatırladıb.

Lakin Ukrayna sosial mediasında Kyiv qüvvələrinin bazanı uzaqmənzilli raketlərlə vurması ilə bağlı şayiələr yayılıb.

Ukrayna qüvvələri Rusiyanın artıq altıncı aydır davam edən hərbi təcavüzü zamanı Krıma hücum etməyib və Moskva rəsmiləri Ukraynaya xəbərdarlıq edib ki, Krıma hər hansı bir hücum Kiyevdəki “qərar qəbuletmə mərkəzlərinə” zərbələr də daxil olmaqla, kütləvi cavab tədbirləri ilə nəticələnəcək.

RİA Novosti agentliyinin verdiyi məlumata əsasən, Rusiya Müdafiə Nazirliyi çərşənbə axşamı Krımda Rusiya hərbi hava bazasında baş verən partlayışın aviasiya sursatlarının partlaması nəticəsində baş verdiyini, itkilərin olmadığını bildirib. Məlumatda bildirilir ki, bazaya hücum olmayıb, hərbi texnikaya zərər dəyməyib.

“Yanğının söndürülməsi və partlayışın səbəblərinin müəyyən edilməsi istiqamətində tədbirlər görülür. Hadisə yerindən verilən məlumata görə, aerodromdakı silah-sursat anbarına yanğının təsiri olmayıb” Rusiya Müdafiə Nazirliyinin açıqlamasında bildirilib.

İlhaq edilmiş Krımın qubernatoru Sergey Aksyonov Telegram kanalında hadisə yerinə getdiyini və “vəziyyətin araşdırıldığını” bildirib.

Rusiya xəbər agentliklərinin məlumatına görə, Aksyonovun müşaviri partlayışları təsdiqləyib, lakin onların mümkün səbəblərini şərh etməkdən imtina edib.

Novofedorovka qəsəbəsi və Saki şəhəri Rusiyanın Qara Dəniz Donanmasının əsas bazası olan Sevastopol limanından təxminən 50 km. şimalda yerləşir.

XS
SM
MD
LG