Dekabrın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə "Criminalaz.com" saytının baş redaktoru Anar Məmmədovun cinayət işi üzrə hazırlıq iclası olub. Məhkəmənin baxışı yanvarın 11-nə təyin olunub.
Prosesdə vəkil Elçin Sadıqovun cinayət işinə xitam və jurnalistə bəraət verilməsi barədə vəsatəti təmin edilməyib.
Anar Məmmədov Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.
Anar Məmmədova qarşı Gəncə hadisələri ilə bağlı məlumatlar yaydığına görə cinayət işi qaldırılıb.
İyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis serjantına silahlı sui-qəsd olub. Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib. Bundan sonra sosal şəbəkələrdə iyulun 10-da Gəncədə aksiya keçirilməsi ilə bağlı məlumatlar yayılıb.
Rəsmi məlumata görə, iyulun 10-da Gəncədə 150-200 nəfərlik “radikal dini qrup”un keçirmək istədiyi aksiyada yüksək rütbəli polis zabitləri İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetirilib.
Bu hadisə ilə bağlı 60-dan çox şəxsin həbs olunduğu bildirilir.
Hüquq-mühafizə oraqnlarının iddiasına görə, daha 5 silahlı şəxs isə öldürülüb.
Ancaq bu məsələ ölkə ictimaiyyəti arasında birmənalı qarşılanmayıb. Bəzi ekspertlər düşünür ki, həmin əməliyyatların video görüntüləri yayılarsa, ölkə əhalisində baş verənlərlə bağlı rəsmi açıqlamalara şübhə olmaz.