Accessibility links

İctimai Palata Bakı meriyasının qarşısında piket keçirəcək


Bakı meriyasının kütləvi aksiyaların keçirilməsini ləğv etmək hüququ yoxdur.

İctimai Palatanın (İP) Koordinasiya Şurası mayın 7-də Bakı şəhər icra hakimiyyətinin binasının önündə piket keçirmək barədə qərar qəbul edib. Bu haqda Koordinasiya Şurasının (KŞ) üzvü Rafiq Manaflı Amerikanın Səsi radiosuna bildirib.
Onun sözlərinə görə, piket Bakı şəhər icra hakimiyyətinin sərbəst toplaşmaq azadlığını pozmasına etiraz olaraq keçirilir. İP mayın 6-da mitinq keçirməyi nəzərdə tuturdu və Bakı meriyasına göndərdiyi müraciətdə aksiya üçün yerlər də təklif etmişdi. Bununla yanaşı, KŞ “20-ci sahə” təklif edildiyi halda həmin məkanda aksiya keçirməyəcəyini bəyan edib. Bakı şəhər icra hakimiyyəti isə aksiya üçün məhz KŞ-nın imtina etdiyi “20-ci sahəni” göstərib. Ona görə də KŞ-i Bakı şəhər icra hakimiyyətini sərbəst toplaşmaq azadlığını pozmaqda ittiham edərək, bu icra qurumu önündə piket keçirməyə qərar verib.

REAL hərəkatının həmtəsisçisi Natiq Cəfərli Amerikanın Səsi radiosuna müsahibəsində bildirib ki, Bakı meriyasının kütləvi aksiyaların keçirilməsini ləğv etmək və ya bundan imtina etmək hüququ yoxdur. “Konstitusiyaya görə kütləvi aksiyaların keçirilməsi ilə bağlı Bakı meriyası xəbərdar edilməlidir. Meriya isə aksiyanın keçirilməsi üçün şərait yaratmalı və təhlükəsizliyin təmin edilməsi üçün müvafiq qurumların tədbir görməsi üçün göstəriş verməlidir. Sərbəst toplaşmaq hüququ vətəndaşların konstitusion hüququdur və bu hüquq yalnız fövqəladə hallarda məhdudlaşdırıla bilər”.

Onun fikrincə, müxalifət partiyaları Bakı şəhər icra hakimiyyətinin qərarından məhkəməyə şikayət etməlidir. “Təbii ki, bu şikayəti Azərbaycan məhkəmələri təmin etməyəcək. Bu halda Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edilməlidir”.

Cənab Cəfərli hesab edir ki, hazırki durumla 2013-cü ildə keçiriləcək prezident seçkilərinə ədalətli hazırlıq işləri aparmaq mümkün deyil. “Seçkilər ilkin olaraq debatlar deməkdir. Ölkədə debat keçirmək üçün efir məkanı yoxdur. İnsanların sərbəst toplaşmasına da imkan verilmir. Belə olan halda seçicilər iradəsini necə ifadə edə bilər?” , - deyə o sual edib.

XS
SM
MD
LG