Accessibility links

2019-cu ildə komaya düşən Oqtay Gülalıyevin səhhətində irəliləyiş var, suallara jestlərlə reaksiya verir


Oqtay Gülalıyev
Oqtay Gülalıyev

Hüquq müdafiəçisi Oqtay Gülalıyevin səhhətində ciddi irəliləyiş müşahidə olunur.

“Atam artıq suallarımızı diqqətlə dinləyir, onlara jestlərlə reaksiya verir. O dinlədiyi xəbərlərə də şüurlu şəkildə reaksiya verir. Əlləri ilə bizə işarələr verir, nəsə deməyə çalışır," hüquq müdafiəçisinin oğlu Təbriz Gülalıyev bildirib.

Onun sözlərinə görə, hüquq müdafiəçisinin vəziyyətinin yaxşılaşmasında Heydər Əliyev Fondunun maliyyə yardımı ilə Türkiyədə həyata keçirilən 4 cərrahiyyə əməliyyatı böyük rol oynayıb.

"Qəzadan sonra atamın sağ qalma şansı ancaq 20 faiz idi. Türkiyədə əvvəlcə bizə deyirdilər ki, komadan ayılma şansı azdır. Lakin bu gün tam əminliklə deyə bilərəm ki, müalicə nəticəsində atam artıq komadan çıxıb," hüquq müdafiəçisinin oğlu qeyd edib.

Onun sözlərinə görə, Oqtay Gülalıyevin normal həyata tam qayıtması və ayağa qalxması üçün uzunmüddətli fiziki-terapevtik müalicəyə və dərman qəbuluna ehtiyacı var.

Lakin hüquq müdafiəçisinin müalicəsinə yardım edən tibb bacılarına Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyində (TƏBİB) artıq 3 aydır əmək haqqı verilmədiyindən onlar mayın 1-dən öz funksiyalarını yerinə yetirə bilməyəcəklər.

Bundan əlavə, onun sözlərinə görə, artıq beş aydır ki, heç bir dövlət qurumu dərmanların alınmasına kömək etmir.

"Ona görə də bizim lazımi dərmanların alınması ilə bağlı narahatlığımız var. Təəssüf ki, tibb bacılarının gedişi bizim vəziyyətimizi çətinləşdirəcək," Gülalıyev deyib.

Öz növbəsində TƏBİB bildirib ki, Gülalıyevin müalicəsi üçün 3 tibb bacısı və 3 kiçik tibb bacısı təhkim olunub.

"Həmin tibb bacılarına 3 aydır ki, maaş verilməməsi barədə məlumat həqiqəti əks etdirmir. Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun baş həkimi Nizami Nəbiyev bildirib ki, tibb bacılarına dövlət tərəfindən tənzimlənmiş əmək haqları hər ay ödənilir. Oktay Gülalıyevin normal həyata geri dönə bilməsi və ayağa qalxması üçün həkimlərimiz əlindən gələni edir," TƏBİB bildirir.

Oqtay Gülalıyev 29 oktyabr 2019-cu ildə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində kəllə-beyin travması alıb və bir neçə saatdan sonra komaya düşüb. Əməliyyat yalnız növbəti gün həyata keçirilib və mütəxəssislərin rəyinə görə, bu müddətdə beyinə qan sızması artıb. 2019-cu il noyabrın 5-də Heydər Əliyev Fondunun dəstəyi ilə müalicəsini davam etdirmək üçün Türkiyənin İstanbuldakı Avrasiya Klinikasına yerləşdirilib. Noyabrın 20-dən onun müalicəsi İstanbuldakı Amerika Xəstəxanasında davam etdirilib.

Gülalıyev 2020-ci il noyabrın 8-də Türkiyədən Bakıya gətirilib. Onun müalicəsi ev şəraitində davam etdirilir.

2021-ci il yanvarın 25-də Bakının Nəsimi Rayon Məhkəməsi Oqtay Gülalıyevin səhhətinə ciddi ziyan vurmuş sürücü Kənan Abdullayevi 2 il 3 ay müddətinə azadlıqdan məhrum edib. Məhkəmə onu Cinayət Məcəlləsinin 263.1.-1- ci maddəsilə (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıq üzündən zərərçəkmiş şəxsin sağlamlığına ağır ziyan vurduqda) təqsirli bilib. Bundan əlavə, Abdullayev üç il müddətinə avtomobil sürmək hüququndan məhrum edilib.

XS
SM
MD
LG