Accessibility links

İran Culfasında iki milli fəal həbs edilib


İran Azərbaycanının Culfa şəhərində yaşayan iki milli fəal Babək Kiyumərsi və Səid Sultani həbs edilib.

Bu barədə məlumatı İnsan hüquqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyi yayıb.

Təhlükəsizlik qüvvələri Səid Sultaninin şəxsi iş yerinə basqın edərək onu həbs ediblər.

Təhlükəsizlik qüvvələri milli fəalı həbs etdikdən sonra onun şəxsi evinə girərək, evində axtarış aparıb kompüteri, cib telefonu, kitabları və Sultaninin maşını da daxil olmaqla, bir sıra şəxsi əşyalarını aparıblar.

Kəşfiyyat Nazirliyinin qüvvələri həmin gün Culfa şəhərində yaşayan digər milli fəal Babək Kiyumərsini həbs etdikləri zaman onun hayat yoldaşını döyüblər.

Güneyli fəal Səid Sultaninin ailəsi İranın məhkəmə orqanlarına müraciət etdiklərində məhkəmə rəsmiləri onlara Səid Sultaninin Təbrizdəki Kəşfiyyat Nazirliyinin təcridxanasına köçürüldüyü barədə məlumat verib,

Səid Sultaninin ailəsi deyib ki, milli fəal həbs olunduqdan sonra ailəsi və qohumları ilə heç bir əlaqə qurmayıb və onların məhkəmə orqanlarına tez-tez müraciət etmələrinə baxmayaraq, fəalın həbsinin səbəbi və ittihamının nədən ibarət olduğu barədə hələ bir açıqlama verilməyib.

Babək Kiyumərsi və Səid Sultani indiyədək dəfələrlə mədəni fəaliyyətlərinə görə həbs ediliblər.

Babək Kiyumərsi 2011-ci ilin iyun ayının 6-da Culfa şəhərinin Şuşa bölgəsində yerləşən atasının evində İranın təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmişdi.

Şərhlərə bax

XS
SM
MD
LG