Accessibility links

Çexiya Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını Rusiya Federasiyasını tərk etməyə çağırıb


Çex Respublikasının Xarici İşlər Nazirliyi "Rusiyanın Ukraynaya davam edən işğalı və əsasən də Avropa İttifaqı və NATO ölkələrinin vətəndaşları üçün ölkədə yaranan təhlükə ilə əlaqədar" vətəndaşlarını Rusiya Federasiyasını tərk etməyə çağırıb.

Hazırda Rusiya Federasiyasının ərazisində olan və oranı tərk etmək istəməyən Çexiya vətəndaşlarına həddən artıq ehtiyatlı olmaq, doğru informasiya yayan media vasitələrini izləmək və təcili çıxış planı hazırlamaq tövsiyə olunub.

Xarici İşlər Nazirliyi həmçinin Rusiya Federasiyasında ikili vətəndaşlığı olan Çexiya vətəndaşlarına Rusiya ordusuna səfərbər olma riski barədə xəbərdarlıq edib. Belə ki, onlar "Rusiya hökuməti tərəfindən ilk növbədə Rusiya Federasiyasının vətəndaşları kimi qəbul edilir". Nazirlik səfərbərlik olunduğu halda Çexiya Respublikasının Moskvadakı səfirliyinin onları adekvat və tam konsul mühafizəsi ilə təmin edə bilməyəcəkləri barədə xəbərdarlıq edib.

Xarici İşlər Nazirliyi həmçinin Rusiyadakı Çexiya vətəndaşlarına mitinqlərdə iştirak etməmək barədə xəbərdarlıq edib və onlara ölkəni tərk edərkən bilet ala bilmələri üçün kifayət qədər nağd pula sahib olmalarını tövsiyə edib. "Rusiya Federasiyasından, məsələn, Ermənistan, Azərbaycan, Misir, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri, Serbiya, Türkiyə və digər qeyri-Avropa ölkələrinə bilet almaq hələ də mümkündür" - deyə, nazirlik bildirib.

Sentyabrın 28-də ABŞ-ın Moskvadakı səfirliyi Rusiyada olan vətəndaşlarını Rusiya Federasiyasının sərhədləri açıq olduğu müddətdə ölkəni dərhal tərk etməyə çağırıb. Səfirlik öz qərarını onunla əsaslandırıb ki, Rusiya prezidenti Vladimir Putinin qismən səfərbərlik elan etməsindən sonra Rusiyada yaşayan və ikili vətəndaşlığı olan amerikalıların Ukraynada müharibəyə səfərbər olunma ehtimalı var.

Polşa və Bolqarıstanın Xarici İşlər Nazirlikləri də daha əvvəl öz vətəndaşlarına Ukraynada müharibə ilə əlaqədar Rusiya ərazisini tərk etmək barədə müraciət edib. Polşa Xarici İşlər Nazirliyi xəbərdarlığın ilk növbədə ikili vətəndaşlığı olan polşalılara şamil edildiyini vurğulayıb. "Təhlükəsizlik vəziyyətinin kəskin pisləşməsi, sərhədlərin bağlanması və ya digər gözlənilməz hallarda evakuasiya daha çətin və ya hətta qeyri-mümkün ola bilər," nazirlik bildirib.

XS
SM
MD
LG