Xeberman.com və Press-az.com saytların təsisçisi və redaktoru, istintaq altında olan Polad Aslanov Azərbaycanın baş prokuroru Kamran Əliyev və ombudsman Səbinə Əliyevaya müraciət edib.
Polad Aslanovun müraciətini onun həyat yoldaşı Gülmirə Aslanova facebook səhifəsində paylaşıb.
Polad Aslanov müraciətində istintaq zamanı hüquqlarının pozulmasından danışır. Əsasən qeyd edir ki, 2019-cu il iyunun 12-də Naxçıvana gedərkən Biləsuvar sərhəd məntəqəsində ailəsi ilə birlikdə saxlanılıb.
O müraciətində bildirib ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları saxlanmanın səbəbini ona izah etməyiblər. Ona vəkil Elçin Sadıqovla yalnız iyunun 14-də məhkəmədən bir saat əvvəl görüş veriblər.
“Vəkilim Elçin Sadıqovla 14 iyunda həbs qətimkan tədbiri seçilmək üçün məhkəməyə gətirilməmişdən 1 saat qabaq DTX-nin əməkdaşlarının və müstəntiqin iştirakı ilə görüşə bilmişəm. Həmin gecə məni DTX-nin girovluğunda olan 6 yaşlı qızım, anam və yoldaşımla hədələyib, hazır yazılmış ifadəni mənə əzbərlədib (yarım saata) video çəkiliş edib və imza atdırıblar. Əks təqdirdə həmin ifadəni mənim yoldaşımdan almaqla hədələyiblər. DTX-nin əlində yeganə "fakt" həmin ifadədir. Mən Cinayət Məcəlləsinin 274 və 134-cü maddələri ilə ittiham olunuram. Ümumilikdə 8 ay istintaq dövrü seçilib və 11 ay 8 gündür heç bir fakt, sübut olmadan Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Təcridxanasında saxlanılıram.”
Aslanov hesab edir ki, 11 aydır ki, əsassız olaraq DTX istintaq təcridxanasında saxlanılır. O bu müddətdə müxtəlif dövlət orqanlarına müraciət edib. İstintaqın qanunsuz hərəkətləri barədə şikayəti üzrə araşdırma keçmiş baş prokuror Zakir Qaralov və onun müavini Rüstəm Usubovun vaxtında bağlanıb.
Aslanov yazır ki, prokurorluq tərəfindən istintaqın aparılmasına təkid edib, çünki DTX bu işdə maraqlı tərəfdir.
Aslanov hesab edir ki, Ağır Cinayətlər Məhkəməsində onun işinə baxan hakim Faiq Qəniyev qəzərlidir, çünki uzun illər keçmiş Milli Təhlükəsizlik Nazirliyinin istintaq şöbəsində çalışıb. 10 iclas ərzində məhkəmə müdafiə tərəfinin 30 vəsatətindən heç birini təmin etməyib.
Aslanovun işi üzrə proses karantin rejimi ilə əlaqədar dayandırılıb və iyunun 8-də bərpa olunacaq.
Bununla əlaqədar Aslanov baş prokuror və ombudsmandan xahiş edir ki, işə obyektiv baxılsın və ədalətli qərar çıxarılsın.
Polad Aslanovun müraciətinə hələlik rəsmi qurumlar münasibət bildirməyib.
Rəsmi məlumat
Polad Aslanov ötən il iyunun 12-də saxlanıb. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur. Bu maddədə 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub.
DTX-nın yaydığı rəsmi açıqlamada iddia olunur ki, Polad Aslanov xarici xüsusi xidmət orqanlarının əməkdaşları ilə respublikadan kənarda məxfi görüşlər keçirib, aldığı pula görə qəbzləri imzalayıb. Açıqlamada onun xarici xüsusi xidmət orqanlarının əməkdaşlarından aldığı tapşırıqlar əsasında Azərbaycanın dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə istifadə etməkdən ötrü topladığı məlumatları həmin orqanlara ötürdüyü bildirilir.
Polad Aslanova qarşı irəli sürülmüş ikinci ittihamda - Cinayət Məcəlləsinin 134-cü (öldürməklə hədələmə) maddəsində 2 min manata qədər cərimə, 2 ilədək islah işləri və bu müddətdə həbs nəzərdə tutulub. O, saytlardan birinin əməkdaşı Dəyanət Babayevi hədələməkdə təqsirləndirilir.
Polad Aslanov itthamları qəbul etmir
Polad Aslanov özünü təqsirli bilmir və güc qurumlarında korrupsiya haqqında tənqidi nəşrlərinə görə təqib olunduğunu bildirir. Həyat yoldaşının sözlərinə görə, bir sıra mətbuat nümayəndələri və fəallar Polad Aslanova qarşı "yalan ifadələr" veriblər. Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları Polad Aslanova qarşı cinayət təqibini pisləyib.