Accessibility links

Dövlətə xəyanətdə ittiham olunan redaktorun məhkəməsi başlayıb


Polad Aslanov
Polad Aslanov

Fevralın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə dövlətə xəyanətdə ittiham olunan xeberman.com saytın redaktoru Polad Aslanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Məhkəmə prosesinin əvvəlində Polad Aslanov sözlərinin yaxşı eşidilməsini təmin etmək üçün mikrofonu tələb edib, sədrlik edən hakimin imtina cavabından sonra onun özü və ailə üzvləri etiraz etməyə başlayıb. Hakim zalın boşaldılması barədə qərar qəbul edib. Polad Aslanov zala hüquq müdafiəçiləri və jurnalistlər buraxılmayana qədər prosesdə iştirak etməyəcəyini bildirib. Gərginlik yatandan sonra jurnalistlər və hüquq müdafiəçiləri yenidən zala buraxılıb. Amma Polad Aslanova mikrofon verilməyib.

Vəkil Elçin Sadıqov sədrlik edən hakimə etiraz edib, bunu Qəniyevin 1998-2013-cü illərdə Milli Təhlükəsizlik Nazirliyində müxtəlif vəzifələrdə işləməsi və belə olan halda maraqlı tərəf ola biləcəyi ilə əsaslandırıb. Polad Aslanovun digər vəkili Kamran Musayev vəsatəti müdafiə edib. Dövlət ittihamçısı vəsatəti təmin etməməyi xahiş edib.

Kollegiyanın digər iki hakimi müşavirə edərək vəsatəti əsassız sayıb və təmin etməyib.

Dövlətə xəyanətdə ittiham olunan redaktorun məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:02:30 0:00

Polad Aslanov buna və ona mikrofonun verilməməsinə etiraz olaraq əl çalıb, qəfəsin qapısını döyüb. O bildirib ki, bu gündən etibarən siyasi fəaliyyətlə məşğul olmağa başlayır və Milli Şuranın rəhbərliyinə təşkilata üzvlüyü üçün müraciət edib.

Hakim ona bir neçə dəfə xəbərdarlıq edərək bildirib ki, o, məhkəmə prosesinin keçirilməsinə mane olmağa davam etsə, növbəti proseslər onun iştirakı olmadan keçiriləcək.

Vəkil Elçin Sadıqov cinayət işinə xitam verilməsi və Polad Aslanovun dərhal azadlığa buraxılması ilə bağlı növbəti vəsatət verib. Vəkil bunu cinayət işinin yalnız Polad Aslanovun təzyiq altında özünə qarşı verdiyi ifadələr əsasında qurulması ilə əsaslandırıb.

"Aslanovun daimi yaşadığı yeri var, onun şəxsiyyət vəsiqəsi və xarici pasportu işin içindədir. Ona görə də onun qaçıb istintaqdan gizlənməsi mümkün deyil. Aslanovun səhhətində ciddi problemləri var. Xahiş edirik, onun həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəz edəsiniz" - deyə, Sadıqov sözünə davam edib.

Vəkillər həmçinin zərərçəkmiş şəxs Dəyanət Babayevin məhkəmə prosesində iştirakının təmin edilməsini xahiş edib. Məhkəmə isə Dəyanət Babayevin məhkəməyə teleqram vuraraq, səhhəti ilə bağlı məhkəmədə iştirak edə bilməcəyini bildirdiyini elan edib və məhkəmə prosesin zərərçəkmiş şəxs olmadan davam etməsi barədə qərar qəbul edib.

Məhkəmə müşavirə edərək vəsatətlərin təmin edilməməsi ilə bağlı qərar qəbul edib.

Məhkəmə kollegiyası cinayət işində dövlət sirri və xüsusi xidmətlərin fəaliyyəti ilə bağlı hissələr olduğuna görə növbəti məhkəmə proseslərinin qismən qapalı keçirələcəyini elan edib. Mahiyyəti üzrə dinləmələr fevralın 10-a təyin olunub.

Redaktor Polad Aslanov iyunun 12-də saxlanılıb və CM-in 274-cü (dövlətə xəyanət) maddəsi ilə həbs olunub. İstintaqı Dövlət Təhlükəsizlik Xidməti aparır. Oktyabrın 5-də onun həbs müddəti 4 ay uzadılıb.

Dekabrda ona CM-in 134-cü (ölümlə və ya ağır, bədən xəsarəti yetirməklə hədələmə) maddəsi ilə daha bir ittiham irəli sürülüb.

Polad Aslanov özünü təqsirli bilmir və güc qurumlarında korrupsiya haqqında tənqidi nəşrlərinə görə təqib olunduğunu bildirir. Həyat yoldaşının sözlərinə görə, bir sıra mətbuat nümayəndələri və fəallar Polad Aslanova qarşı "yalan ifadələr" veriblər. Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları Polad Aslanova qarşı cinayət təqibini pisləyiblər.

XS
SM
MD
LG