Accessibility links

ABŞ Dövlət Departamenti 2020-ci il dünya ölkələrində insan haqlarının durumuna dair illik hesabatını açıqladı


Dövlət katibi Entoni Blinken
Dövlət katibi Entoni Blinken

ABŞ Dövlət Departamenti çərşənbə axşamı 2020-ci il üçün dünya ölkələrində insan haqlarının durumuna dair illik hesabatını açıqlayıb. Dövlət katibi Entoni Blinken Vaşinqtonda Dövlət Departamentində hesabatla bağlı çıxış edib və müxbirlərin suallarını cavablandırıb.

Hesabatın Azərbaycanla bağlı hissəsində ölkədə ciddi insan haqları pozuntularının olduğu bildirilir. Bu pozuntular arasında qanunsuz və ya özbaşına həbslər, işgəncə, həbsxanalarda sərt və bəzi hallarda həyata təhlükə yaradan şərait, siyasi məhbuslar, özəl həyata müdaxilə, ölkə xaricində şəxslərə qarşı siyasi motivli repressiyalar yer alıb.

Bundan əlavə, hesabatda Azərbaycanda məhkəmələrin müstəqilliyi ilə bağlı geniş yayılmış problemlərin olduğu, ifadə, mətbuat və internet azadlığına ciddi məhdudiyyətlərin qoyulduğu, jurnalistlərə qarşı zorakılıqların tətbiq edildiyi, böhtan və iftiranın kriminallaşdırıldığı qeyd edilib.

Dövlət Departamentinin hesabatında bildirilib ki, ATƏT-in müşahidə missiyasi Azərbaycanda 9 fevralda keçirilən parlament seçkilərinin, habelə 2018-ci ildə keçirilən prezident seçkisinin məhdudlaşdırıcı qanunvericilik çərçivəsində və siyasi mühitdə keçirildiyini və bunun seçkidə həqiqi rəqabətə əngəl olduğuna dair nəticəyə gəlib.

Hesabatda bildirilir ki, Azərbaycan hökumətinin sentyabrın 28-dən dekabrın 12-dək tətbiq etdiyi hərbi vəziyyətdə rəsmilər hərəkət və məlumata çıxış azadlığını məhdudlaşdırıb. Dağlıq Qarabağda hərbi münaqişə ilə əlaqədar qanunsuz qətllər, mülki şəxslər arasında tələfatlar və qeyri-insani rəftar kimi insan haqları pozuntularının müşahidə olunduğu bildirilib.

Bundan əlavə, hesabatda Azərbaycanda jurnalistlərin şübhəli ittihamlarla təqib olunub həbs edildikləri, saytların bloklandığı, dinc toplaşmaq azadlığına ciddi müdaxilələrin olduğu, hərəkət azadlığının məhdudlaşdırıldığı, hökümətdə sistemli korrupsiya hallarının olduğu, polisin insanların cinsi oriyentasiyasına əsaslanaraq zorakılıq tətbiq etdiyi və ölkədə uşaq əməyinin ən pis formalarının mövcud olduğu deyilib.

Dövlət Departamentinin hesabatında Azərbaycan hökumətinin insan haqlarını pozan əksər rəsmiləri cəzalandırmadığı və cəzasızlığın problem olaraq qaldığı qeyd edilir.

2020-ci ili əhatə edən hesabatda dünya boyu insan haqları sahəsində vəziyyətdə tənəzzül və koronavirus pandemiyasının insan hüquqlarının müdafiəsi praktikasına təsiri qeyd edilib. Hesabatda Çin, İran, Rusiya, Myanma, Belarus və digər avtoritar ölkələrdə insan hüquqlarının pozulması ilə bağlı narahatlıqlar vurğulanıb.

XS
SM
MD
LG