Accessibility links

Dövlət ittihamçısı Gəncə işi üzrə təqsirləndirilən Yunis Səfərova ömürlük həbs istəyib


Yunis Səfərov
Yunis Səfərov

Bu gün, martın 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı və polis əməkdaşlarına qarşı əvvəlcədən planlaşdırılan terror aktı törətməkdə təqsirləndirilən Yunis Səfərov daxil olmaqla 12 nəfər dəstə üzvünün cinayət işi üzrə məhkəmədə dövlət ittihamçısı çıxış edib. Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı təqsirləndirlən şəxslərə 19 ildən 28 ilədək, həmçinin Yunis Səfərova ömürlük həbs istəyib.

Bu iş üzrə təqsirləndirilən şəxslərdən iki nəfəri hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılarkən öldürülüb. Prokuror onların təqsirli bilinməsini, lakin öldüklərinə görə cəza təyin edilməməsini istəyib.

Daha sonra müdafiəçilər çıxış üçün məhkəmədən vaxt istəyib. Proses aprelin 13-nə təxirə salınıb.

Cinayət işi üzrə Elmar Vəliyev və daha 5 nəfər zərərçəkmiş qismində tanınıb.

2018-ci il iyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin o zamankı başçısı Elmar Vəliyevə və onu mühafizə edən polis serjantına silahlı sui-qəsd törətməkdə suçlanan Yunis Səfərov həbs edilib. Hüquq-mühafizə qurumları bunu terror əməli sayır və Səfərovun əsas məqsədinin Azərbaycanda şəriət qanunları ilə yönəldilən islam dövləti qurmaq olduğunu iddia edir. Səfərov isə bu iddianı təkzib edir.

Sui-qəsd hadisəsindən bir həftə sonra - iyulun 10-da Gəncənin mərkəzi meydanında keçirilən aksiyada isə iki polis polkovniki qətlə yetirilib.

Gəncə hadisələrindən sonra həbs olunan 70-dən artıq şəxsin əksəriyyəti 10 iyulda baş verənlərə görə kütləvi iğtişaşların təşkili, polis əməkdaşlarına qarşı zor tətbiq etmə və başqa əməllərdə suçlanıb. Onlara 6 ildən 18 ilə qədər həbs cəzası kəsilib. Sonradan bir çoxunun cəzası azaldılaraq 2-5 ilə salınıb, azadlığa buraxılanlar olub.

Gəncə hadisələrinə görə həbs edilənlər həm saxlanarkən, həm də ondan sonra bir neçə gün işgəncələrə məruz qaldıqlarını, təzyiq altında ifadələrə imza atdıqlarını bildirsələr də, Daxili İşlər Nazirliyi bu iddiaları təkzib edib.

Səfərov və onunla birlikdə mühakimə olunanlara Cinayət Məcəlləsinin 30-dan artıq maddəsi ilə (qəsdən adam öldürməyə cəhd, terrora çağırış, dövlət çevrilişinə cəhd, qanunsuz silah saxlama və s.) ittiham verilib.

XS
SM
MD
LG