ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin birinci müavini Derek Hoqan və Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Amanda Sloat sentyabrın 27-də ATƏT-in Minsk Qrupunun həmsədrləri Stefan Viskonti (Fransa), Endryu Şofer (ABŞ) və İqor Xovaev (Rusiya Federasiyası), eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik ilə görüşüb.
Bu barədə ABŞ Dövlət Departamentinin açıqladığı bəyanatda məlumat verilir.
Məlumatda həmsədrlərin keçən həftə BMT Baş Assambleyası çərçivəsində Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin 2020-ci ilin noyabrından bəri ilk birgə görüşünün keçirilməsinə uğurlu vasitəçiliyi müzakirə etdiyi qeyd edilir.
“Onlar həmçinin sentyabrın 27-də Dağlıq Qarabağ münaqişəsində aktiv hərbi əməliyyatların bərpasının ildönümü olduğunu qeyd edilbər və hər iki tərəfdən insan itkisi ilə əlaqədar başsağlığı bildiriblər. Onlar vurğulayıb ki, yalnız həll edilməmiş bütün problemləri həll edən əhatəli razılıq hər iki ölkə arasında münasibətləri normallaşdıra və region xalqlarının birlikdə sülh içində yaşamasına imkan verə bilər”, bəyanatda bildirilir.
Məlumatda Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Derek Hoqanın və Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Amanda Sloatın həmsədrlərin səylərini və Ermənistan və Azərbaycanın regionda təhlükəsizlik, sabitlik və firavanlığın təşviqinə yönəlmiş birbaşa dialoq yolu ilə sülh prosesini bərpa etmək əzmini alqışladığı bildirilir.
“Onlar Birləşmiş Ştatların Ermənistan və Azərbaycana saxlanılanlar, itkin düşənlər və humanitar minalardan təmizləmə səyləri də daxil olmaqla, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar və ya onun nəticəsində yaranmış bütün problemləri həll etməyə kömək etmək üçün digər həmsədr ölkələrlə əməkdaşlığı davam etdirmək öhdəliklərini çatdırıblar”, bəyanatda qeyd edilir.
Sentyabrın 25-də ATƏT-in Minsk Qrupunun həmsədrləri Nyu Yorkda BMT-nin Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyanla ayrı-ayrı və birgə görüşlər keçiriblər.
Həmsədrlər açıqladıqları bəyanatda xarici işlər nazirləri ilə Ermənistanla Azərbaycan arasında bir sıra həll olunmamış məsələri müzakirə etdiklərini bildiriblər. Bəyanatda həmsədrlərin vəziyyəti deeskalasiya etmək üçün spesifik təbdirlər və mümkün növbəti addımları təklif etdiyi deyilir.