Accessibility links

Dövlət Sərhəd Xidmətinin rəis müavini saxlanılıb


Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) rəis müavini, general-leytenant Əfqan Nağıyev, DSX-nin yüksək rütbəli hərbi qulluqçuları və mülki şəxslər şübhəli şəxs qismində saxlanılıb. Onlar Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində başlanılmış cinayət işi üzrə saxlanılıb.

Bu barədə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) məlumat yayıb.

Məlumata görə, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq tərəfindən həyata keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməllərinin qarşısı alınıb.

Dövlət Təhlükəsizliyi Xidməti bundan öncə beş rayon icra hakimiyyətinin başçısının, mədəniyyət naziri müavininin və digər yüksək vəzifəli şəxslərin həbsi ilə nəticələnən istintaq-əməliyyat hərəkətləri həyata keçirib.

Prezident İlham Əliyev mayın 13-də Kəlbəcər rayon İcra Hakimiyyətinə yeni təyin edilən başçını qəbul zamanı yenidən vəzifəli şəxslərə xəbərdarlıq edib.

"Dürüstlük, şəffaflıq, ədalət hər bir dövlət məmurunun iş prinsipi olmalıdır. İş prinsipi bu olmalıdır, rüşvət yox, yalan yox, talançılıq yox, saxtakarlıq yox, vicdansızlıq yox! Dürüstlük, şəffaflıq, xalqa xidmət, ədalət - budur, prinsiplər! Bir daha deyirəm, əgər kimsə hələ də hesab edir ki, kimsə onlara kömək edəcək, səhv edir. Tutulan dövlət məmurlarının acı həyatını yaşamaq istəmirlərsə, düz yola qayıtsınlar,” o qeyd edib.

XS
SM
MD
LG