Accessibility links

Dövlət Təhlükəsizliyi Xidməti ABŞ Dövlət Departamentinin Azərbaycanda terror təhlükəsi ilə bağlı xəbərdarlığını əsassız sayır


Dövlət Təhlükəsizliyi Xidməti

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin ABŞ vətəndaşlarına Azərbaycana səyahətlə bağlı xəbərdarlığına münasibət bildirib.

DTX bildirir ki, Azərbaycan ərazisində terror təhlükəsinin olması ilə bağlı məlumatlar əsassızdır.

“Amerika Birləşmiş Ştatlarının Dövlət Səyahət Departamentinin rəsmi internet səhifəsində ABŞ vətəndaşlarına Azərbaycanda “COVİD-19” koronavirus infeksiyası və yüksək terror təhlükəsi riski ilə əlaqədar məlumat verilmiş, onlara ciddi zərurət olmadığı təqdirdə ölkəmizə səyahət etməmələri tövsiyə olunmuşdur. Qeyd olunan məlumat sosial media resurslarının Azərbaycan seqmentində yayılmışdır.

Bununla əlaqədar bəyan edirik ki, Azərbaycan Respublikasının ərazisində terror təhlükəsinin olması ilə bağlı verilən bu kimi məlumatlar həqiqəti əks etdirmir və tamamilə əsassızdır.

Eyni zamanda bildiririk ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu hüquq-mühafizə və təhlükəsizlik siyasəti nəticəsində ölkəmizdə yaradılmış dayanıqlı sabitlik və əmin-amanlıq vətəndaşlarımızın, həmçinin Azərbaycana gələn əcnəbilərin təhlükəsizlik şəraitində yaşamasına təminat verir. Hazırda ölkəmizə səyahət etmək istəyən şəxslər üçünhər hansı terror təhlükəsi riski mövcud deyildir,” DTX-nin məlumatında deyilir.

ABŞ Dövlət Departamentinin xəbərdarlığında ABŞ vətəndaşlarına Azərbaycana və Ermənistana səyahət etməməsi tövsiyə edilir.

ABŞ Azərbaycanla bağlı səyahət məsləhətlərini ən yüksək səviyyəyə, 4-cü səviyyəyə (qırmızı) qaldırıb və vətəndaşlarına səyahət etməməyi tövsiyə edib.

Dövlət Departamenti xəbərdarlıqda səbəb kimi koronavirus və sərhəddəki gərginlik, terror təhlükəsini göstərib.

XS
SM
MD
LG