Azərbaycann və Ermənistan qoşunlarının təmas xəttində döyüşlər davam etdirilir. Hər bir tərəf qarşı tərəfin itkilərinin olmasaı ilə bağlı məlumat verir.
Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, oktyabrın 20-i gün ərzində və 21-ə keçən gecə cəbhənin Ağdərə, Füzuli-Cəbrayıl və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib.
“Azərbaycan Ordusunun keçirdiyi əməliyyat nəticəsində cəbhənin Cəbrayıl və Qubadlı istiqamətlərində Ermənistan silahlı qüvvələri şəxsi heyət və hərbi texnikada itki verərək geri çəkilməyə məcbur edilib. Döyüşlərdə 3 ədəd artilleriya qurğusu, bir necə minaatan, şəxsi heyətlə birlikdə 3 ədəd yük avtomobili sıradan çıxarılıb. Qoşunlarımız bütün cəbhə boyu əməliyyat şəraitinə nəzarət edir,” Müdafiə Nazirliyinin məlumatında deyilir.
Müdafiə Nazirliyinin digər məlumatında deyilir ki, Cəbrayıl rayonu istiqamətində gedən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusu tərəfindən görülən tədbirlər nəticəsində Ermənistan silahlı qüvvələrinin 556-cı alayının taboru məhv edilib.
Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan Facebook səhifəsində yazıb ki, səhər saatlarında cənub istiqamətində Azərbaycanın təyyarəsi vurulub.
"Vəziyyət nisbətən sabit və gərgindir," Stepanyan yazıb.
Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, Ermənistan tərəfinin Azərbaycana məxsus hərbi təyyarənin guya vurulması barədə yaydığı məlumat həqiqətə uyğun deyil.
Ermənistan oktyabrın 21-də daha 62 hərbiçisinin öldürüldüyünü bildirib. Ümumilikdə Ermənistan 834 hərbiçisini itirib.
Azərbaycan tərəfi hərbi itkilərlə bağlı məlumat vermir.
Mülki itkilərə gəlincə, Azərbaycan Baş Prokuroru bildirib ki, ümumilikdə sentyabrın 27-dən oktyabrın 20-dək Azərbaycanın 63 mülki vətəndaşı həlak olub, 292 nəfər yaralanıb.
Azərbyacan Baş Prokurorluğunun məlumatına görə, oktyabrın 20-də Ermənistan Ordusunun artilleriya atəşi nəticəsində Tərtər rayonunun Cəmilli kənd sakinləri Anar İsaqlı, Anar Quliyev həlak olub, Murov Şabanov yaralanıb, yaşayış evinə isə külli miqdarda ziyan dəyib.
Özünü "Dağlıq Qarabağ Respublikası" adlandıran tanınmamış qurumun fövqəladə hallar xidməti dinc yaşayış məntəqələrinin atəşə tutulduğu barədə məlumat yayıb.
“Dünən gecə yaşayış məntəqələrinin atəşə tutulması nisbətən səngiyib, ancaq sübh tezdən Mardakert (Ağdərə) şəhəri və yaxın kəndlər yenidən düşmən tərəfindən atəşə tutulub. Dünən düşmən eyni istiqamətdə aviasiyadan istifadə edib, mülki infrastrukturlar bombalanıb,” məlumatda qeyd edilir.
Özünü "Dağlıq Qarabağ Respublikası" adlandıran tanınmamış qurumun ombudsmanı Artak Beqlaryan Twitter səhifəsində yazıb ki, çərşənbə axşamı artilleriya atəşindən daha bir mülki şəxs ölüb, iki nəfər yaralanıb. Ümumilikdə sentyabrın 27-dən inidyədək 33 dinc sakin həlak olub, 108 nəfər yaralanıb.
Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin məlumatında deyilir ki, oktyabrın 20-də Ağcabədi, Ağdam, Bərdə, Beyləqan, Füzuli, Goranboy, Naftalan və Tərtər rayonları ərazisində 1 ədəd qaz qumbarası, 1 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator və 14 ədəd partlamış mərmi qalıqları aşkar olunub, 2 ədəd 152 mm-lik top mərmisi (OF-29), 1 ədəd dron zərərsizləşdirilib.
"Ümumilikdə agentlik tərəfindən 27 sentyabr – 20 oktyabr tarixlərində 99 ədəd partlamamış hərbi sursat (PHS), 1 143 ədəd 9N235 bombacıqları, 1 180 ədəd müxtəlif çaplı patronlar, 1 ədəd qaz qumbarası, 11 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator, 6 ədəd dron (zərərsizləşdirilmişdir),2 ədəd raketin mikrosxemi və 303 ədəd partlamış raket hissələri aşkar olunub," məlumatda qeyd edilir.
Münaqişə haqqında qısa məlumat
Ermənistan-Azərbaycan münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan və Azərbaycan arasında sülh danışıqları 1992-ci ildən ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılır.
Minsk Qrupunun həmsədr dövlətləri ABŞ, Rusiya, Fransa dövlət başçıları dəfələrlə hazırkı status-kvonun qəbuledilməz olduğunu bildirsə də, danışıqlarda hər hansı irəliləyiş qeydə alınmayıb.
2016-cı il aprelin 2-dən 5-dək hərbi əməliyyatlar yenidən bərpa olunub. Döyüşlərdə hər iki tərəf onlarla insan itirib. Aprelin 5-də Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan hərbi əməliyyatları dayandırıb.
2020-ci ilin iyulun 12-dən 16-dək Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində tərəflər arasında yenidən qarşıdurma olub. Hər iki tərəfdən hərbi və mülki şəxslər həlak olub.
2020-ci il sentyabrın 27-də isə qoşunların təmas xəttində Dağlıq Qarabağ istiqamətində döyüş əməliyyatları bərpa edilib. Ağır döyüşlər davam edir. Hər iki tərəfdən çoxsalı hərbi və mülki şəxslər həlak olub. Yüzlərlə evlər və mülki obyektlər dağıdılıb.
Beynəlxalq Qırmızı Xaç Komitəsinin məlumatına görə, münaqişə nəticəsində 30 000-dən çox insan öldürülüb, 4 500-dən çoxu itkin düşüb, minlərlə insan minalar və partlamamış hərbi sursatlar nəticəsində yaralanıb.
"Bu qarşıdurmanın nəticəsi olaraq bölgədə insanlar uzun müddətdir ki, ani bir döyüş dalğası nəticəsində yaralanmaq və ya öldürülmək qorxusu ilə yaşayır," Beynəlxalq Qırmızı Xaç Komitəsi qeyd edir.