Accessibility links

Dünya ölkələrində COVID-19-a yoluxma halları artmağa başlayıb


Koreya Xəstəliklərə Nəzarət və Profilaktika Agetnliyinin (KDCA) şənbə günü verdiyi məlumata görə, Cənubi Koreyada artıq üçüncü gündür koronavirusa rekord yoluxma halları qeydə alınır.

Cümə günü bir sutka ərzində ölkədə COVID-19-a rekord 1378 yeni yoluxma qeydə alınıb. Bundan öncəki rekord cümə axşamı 1316 yoluxma olub.

Cons Hopkins Koronavirus Resurs Mərkəzinin məlumatına görə, ümumilikdə Cənubi Koreyada 166 772 COVID-19 halı, 2038 ölüm halı təsdiq olunub.

Cənubi Koreya bildirib ki, artan yoluxmaların qarşısını almaq məqsədilə bazar ertəsindən başlayaraq ölkədə indiyə qədərki ən sərt məhdudiyyətlər tətbiq olunacaq. Buna insanlara mümkün olduğu qədər evdə qalmalarını, sosial yığıncaqları axşam 6-dan öncə və sadəcə 4 nəfərlə məhdudlaşdırmağı tövsiyyə etmək daxildir.

Cons Hopkins Vaksinlərə Nəzarət mexanizmi bildirib ki, 52 milyon əhalisi olan ölkədə 31 milyon dozadan çox vaksin tətbiq olunub. KDCA Cənubi Koreyanın əhalisinin 11 faizinə tam vaksin, təxminən 30 faizinə isə azı 1 doza vaksin vurulduğunu bildirib.

Avstraliyanın əhalisinin ən çox olduğu və koronavirusun delta variantının vüsət aldığı Yeni Cəni Uels ştatında son 24 saat ərzində 50 yeni yoluxma qeydə alınıb ki, bu, yerli yoluxmalarda ən yüksək göstəricidir.

Ümumilikdə Avstraliya aqressiv qapanma tədbirləri sayəsində COVID-19-un yayılmasının qarşısını almaqda müvəffəq olub. Cons Hopkins ölkədə 31 017 yoluxma və 910 ölüm halının qeydə alındığını bildirir. Lakin, ölkədə vaksinasiya kampaniyası ləng irəlilədiyi üçün orada yeni yoluxmalar qeydə alınmağa başlayıb.

Cons Hopkinsin məlumatına görə, dünyanın ən çox əhalisi olan dördüncü ölkəsi İndoneziyada 2.4 milyon yoluxma, 64 631 ölüm halı qeydə alınıb. Bu göstəricilərin az sayda testlərlərin aparılması və zəif izləmə tədbirləri səbəbilə həqiqi göstəricilərdən daha az olduğu güman edilir.

Bunlardan əlavə başqa ölkələrdə də koronavirusun delta variantı ilə əlaqədar olaraq COVID-19-a yoluxma hallarında artım müşahidə olunur. İspaniyanın Kataloniya regionu yayılmanın sürətini azaltmaq məqsədinə koronavirus məhdudiyyətlərini yenidən tətbiq etməyi planlaşdırır.

Reutersin məlumatına görə isə, Rusiyada şənbə günü son 24 saat ərzində 25 082 yeni yoluxma, 752 ölüm halı qeydə alınıb.

Cons Hopkinsin məlumatlarına əsasən, dünya boyu COVID-19-a 186 milyon yoluxma, 4 milyon ölüm halı qeydə alınıb. ABŞ 33.8 milyon yoluxma, 606 993 ölüm halı ilə dünya ölkələri arasında birinci yerdə gəlir.

XS
SM
MD
LG