Accessibility links

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilir


Bu gün, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü dövlət və ümumxalq bayramıdır, ölkədə iş günü deyil.

Bir qayda olaraq bu bayram dünyada yaşayan bütün azərbaycanlılar tərəfindən qeyd edilir, xalqın tarixi, bu günü ilə bağlı sərgilər, konfranslar, şənliklər keçirilir. Azərbaycanlılar ölkə xaricində yaşayan həmvətənllilərini ziyarət edir.

Bu il isə koronavirus pandemiyası səbəbindən kütləvi tədbirlər, səyahətlər qadağan edilib. İndi insanlar internet üzərindən tədbirlər keçirir, bir-birini təbrik edir.

Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə təbrikində Azərbaycanın daha da güclənməsi və çiçəklənməsi naminə dünyada yaşayan azərbaycanlılara uğurlar arzulayıb.

“Müqəddəs Vətən müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri qələbəmizə layiqli töhfə olmuşdur,” dövlət başçısı qeyd edir.

Prezident həmçinin qeyd edib ki, ölkə 2020-ci ili bütün dünyada koronavirus pandemiyası ilə gərgin mübarizə şəraitində başa vurur.

“Yaranmış vəziyyətdən minimum itkilərlə çıxmaq üçün Azərbaycan hökuməti ilk günlərdən ardıcıl tədbirlər həyata keçirir,” təbrikdə deyilir.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əsası 1989-cu il dekabrın sonlarında Naxçıvanda sərhədlərin (SSRİ-İran sərhədləri) açılması zamanı qoyulub. O zaman Azərbaycan xalq hərəkatının fəalları Nemət Pənahlının rəhbərliyi ilə Şimali (Azərbaycan Respublikası) və Cənubi Azərbaycan (İran Azərbaycanı) arasındakı keçmiş Sovet İttifaqının qurduğu sərhəd dirəklərini dağıdıb.

Bu zaman İstanbulda keçirilən Türkdilli Xalqların Konfransı 31 dekabrda dünya azərbaycanlılarının həmrəyliyinin qeyd olunması barədə təklif verib.

1992-ci ildə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü elan edilməsi ilə bağlı Əbülfəz Elçibəy hökuməti qərar qəbul edib. Əbülfəz Elçibəy həm də Azərbaycan Xalq Cəbhəsinin sədri kimi keçmiş SSRİ-nin İranla sərhədlərinin dağıdılmasının təşəbbüskarı olub.

Dünya ölkələrində azərbaycanlıların sayı barədə rəsmi statistika yoxdur. Ancaq bir çox nəşrlər hazırda dünyada 50 milyondan çox azərbaycanlının yaşadığını bildirir.

Müxtəlif mənbələrin məlumatlarına görə, İranda 30-35 milyon azərbaycanlı var. O cümlədən, Rusiya, Türkiyə, Almaniya, Fransa, Böyük Britaniya, Skandinaviya ölkələrində, ABŞ-da, Yaxın Şərq ölkələrində böyük azərbaycanlı icmaları fəaliyyət göstərir.

Rusiya prezidenti Vladimir Putin bu günlərdə bildirib ki, Rusiyada 2 milyon azərbaycanlı yaşayır.

Azərbaycanın müstəqillik dövründə ABŞ-a minlərlə azərbaycanlı köçüb. ABŞ-da həmçinin İrandan mühacirət etmiş çoxsaylı azərbaycanlı yaşayır.

XS
SM
MD
LG