Accessibility links

Dünya liderləri Co Baydeni təbrik edib


Dünya liderləri çərşənbə günü ABŞ-ın 46-cı prezidenti kimi and içəndən sonra Co Baydeni təbrik edib. ABŞ-ın bir çox müttəfiqi Kamala Harrisə ilk qadın vitse-prezident olması ilə əlaqədar xoş sözlərini çatdırıb.

Transatlantik münasibətlərdə dörd illik təlatümdən sonra Avropa İttifaqı Komissiyasının sədri Ursula von der Leyen Baydeni səmimiyyətlə qarşılayıb.

"Dörd uzun ildən sonra Avropanın Ağ Evdə yenidən bir dostu var. Amerikada bu yeni gün bizim çoxdan gözlədiyiz bir andır. Avropa köhnə və ən etibarlı tərəfdaşı ilə yeni bir başlanğıca hazırdır” - deyə, Ursula von der Leyen cümə axşamı Brüsseldə Avropa İttifaqı Parlamentində bildirib.

Almaniya kansleri Angela Merkel də demək olar ki, eyni fikirləri səsləndirib.

“Prezident Baydenlə siyasi anlaşma üçün sadəcə daha çox imkan var. Dünən imzalanmış əmrlərə baxsanız bu aydındır. Biz ÜST-də (Ümumdünya Səhiyyə Təşkilatı), Paris İqlim Razılaşması üzərində yenidən birlikdə işləyəcəyik. Miqrasiya məsələlərində ehtimal ki, daha oxşar fikirlər olacaq”, Merkel cümə axşamı keçirilən mətbuat konfransında bildirib.

Bir çox digər Avropa lideri ilə müqayisədə Donald Trampla münasibəti daha yaxşı olan Britaniyanın baş naziri Boris Conson Baydenlə ümumi cəhətlərinin çox olduğunu deyib.

"Hazırda məni və Böyük Britaniyanı, Birləşmiş Ştatları və Co Baydeni narahat edən məsələlərə baxdıqda, bizim ortaq bir gündəmimiz var" - deyə, Conson bildirib.

“Bu gün Transatlantik alyans üçün yeni bir başlanğıcdır. Prezident Baydenlə yaxından əməkdaşlıq etməyi və onu bu ilin sonunda Brüsseldə keçiriləcək NATO sammitində qarşılamağı səbirsizliklə gözləyirəm”, NATO-nun baş katibi Yens Stoltenberq deyib.

NATO-nun baş katibi Yens Stoltenberq
NATO-nun baş katibi Yens Stoltenberq

İnauqurasiya günü Kosovoda təntənə ilə qeyd edilib. 1999-cu ildə Kosovo müharibəsindən sonra küçələrin birinə ABŞ Ədliyyə Nazirliyi ilə birlikdə ölkədə işləyən Baydenin mərhum oğlu Bonun adı verilib.

Asiya-Sakit okean bölgəsindəki müttəfiqlər ABŞ-ın yeni administrasiyasını alqışlayıb. Avstraliyanın baş naziri Skott Morrison xüsusilə Kamala Harrisi qeyd edib.

“Bu, tarixi bir andır və bir qız atası olaraq yalnız bunu deyə bilərəm ki, bu, qeyd edilməli bir hadisədir. Ona bu çox vacib vəzifəsində uğurlar diləyirəm” - deyə, Morrison bildirib.

O, Avstraliya və ABŞ-ın "istər iqlim, istər enerji, istərsə də beynəlxalq və xüsusilə də Hind-Sakit Okean bölgəsində regional təhlükəsizlik məsələləri olsun" birlikdə çalışacaqları çox işin olduğunu da əlavə edib.

Yaponiyanın baş naziri Yoşihide Suqa
Yaponiyanın baş naziri Yoşihide Suqa

Yaponiyanın baş naziri Yoşihide Suqa cümə axşamı keçirdiyi mətbuat konfransında avstraliyalı həmkarı ilə bənzər fikirlər səsləndirib. "Azad və açıq Hindistan-Sakit Okean bölgəsi yaratmaq üçün yeni prezidentlə sıx əməkdaşlıq edəcəyimizə ümid edirəm" - deyə, o bildirib.

Pekin cümə axşamı Vaşinqtonu aralarındakı münasibətlərin yenidən qurulmasına çağırıb.

"Ümid edirik ki, ABŞ-ın yeni hökuməti Çinə və münasibətlərimizə obyektiv və rasional şəkildə yanaşacaq, iki xalqın rifahına əsaslanaraq, Çinlə konflikt və qarşıdurma olmayan, qarşılıqlı hörmət və qarşılıqlı faydalı əməkdaşlıq atmosferini qorumaq üçün eyni istiqamətdə çalışacaq. Ümid edirik ki, əməkdaşlıq, mübahisələrin həll edilməsi və Çin ilə ABŞ arasında münasibətlərin sağlam və stabil inkişafı yoluna qaytarılmasına diqqət ayıracaq" - deyə, Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Çonyinq cümə axşamı bildirib.

Rusiyanın ABŞ-dakı səfiri Baydenin andiçmə mərasiminin Vaşinqtonla münasibətlərdə "yeni bir fəsil" olduğunu deyib. Bayden administrasiyası Almaniyada müalicə aldıqdan sonra bazar günü Moskvaya qayıdarkən həbs olunan Rusiya müxalifət lideri Aleksey Navalnının azad edilməsini tələb edib.

Rusiya prezidenti Vladimir Putin tərəfindən Baydenin inaqurasiyaslı ilə bağlı heç bir rəsmi bəyanat verilməyib.

XS
SM
MD
LG