Accessibility links

Dünya boyu bir çox ölkədə karantin rejimləri yüngülləşdilir


Almaniya çərşənbə axşamı günü böyük bir irəliləyiş əldə edib: koronavirusun yayılma sürəti 1-dən aşağıya enib.

İctimai sağlamlıq rəsmiləri çərşənbə axşamı bildirib ki, koronavirusa yoluxan hər 100 nəfər bir sutka ərzində virusu 94 nəfərə yoluxdura bilər. Bazar ertəsi 100 nəfər 107 nəfərə, bazar günü isə 100 nəfər 113 nəfərə virusu yoluxdura bilirdi. Buna baxmayaraq, Almaniyada çərşənbə axşamı COVID-19-a yoluxma hallarında yeni artım baş verib və 933 nəfər virusa yoluxub. Bazar ertəsi isə bu rəqəm 357 nəfər olub. Yoluxma hallarında artım koronavirus məhdudiyyətləri yüngülləşdiriləndən sonra yeni yoluxma dalğasının başlayacağına dair narahatlıqlara səbəb olub.

Almaniyanın aparıcı xəstəliklərə nəzarət idarəsi, Robert Koch İnstitutu, bildirib ki, virusun yayılma sürəti hər gün dəyişə bilər və uzun müddət ərzində yeni yoluxma hallarında sabit artım olmadığı təqdirdə narahat olmağa ehtiyac yoxdur.

Angela Merkel
Angela Merkel

Almaniya kansleri Angela Merkel deyib ki, hər 10 min sakindən 50-də virusun aktiv olduğu regionlar bağlama tədbirlərini bərpa etməli olacaq. Son bir həftədə artıq üç regionda bu rəqəm 50-ni keçib və onlar virusun yayılmasının qarşısını almaq üçün bəzi fövqəladə məhdudiyyərləri yenidən tətbiq edib.

Almaniyada yeni yoluxma halları hökümət məhdudiyyətləri bir az daha yüngülləşdirməyə, mağazalar, əyləncə mərkəzləri və məktəbləri açmağa hazırlaşdığı vaxta təsadüf edib. Merkel ictimaiyyəti sosial məsafəni qorumağa, maska taxmağa və məsuliyyətli davranmağa çağırıb.

Almaniya lideri iqtisadiyyatı yenidən işə salmaq üçün təzyiqlə üzləşir. Həftə sonu bir neçə böyük şəhərdə bağlama tədbirlərinə qarşı etiraz aksiyaları keçirilib.

Birləşmiş Ştatlarda da bağlama tədbirlərinə son qoyulması üçün bənzər çağırışlar edilir. Cons Hopkins Universtitetinin məlumatına görə, ABŞ-da 1,360,000-dən çox insan koronavirusa yoluxub, 82 mindən çox insan ölüb.

Tramp administrasiyası noyabr ayında keçiriləcək prezident seçkisindən öncə biznesləri yenidən açıb, iqtisadiyyatı bərpa etmək istəyir. Ştatların yarısı iqtisadiyyatı yenidən canlandırmaq məqsədilə artıq karantin rejimlərini sonlandırmağa başlayıb.

Ölkənin yoluxucu xəstəliklər üzrə baş eksperti Dr. Antoni Fauçi xəbərdarlıq edir ki, ölkəni vaxtından əvvəl açmaq daha çox xəstəliklər və ölümlərə səbəb ola bilər.

ABŞ-da son iki gündə son bir neçə həftədə ilk dəfədir ki, ölüm halları 1000-dən aşağıya enib. Fauçi deyib ki, məhdudiyyətlərin yüngülləşdirilməsi vəziyyəti yenidən dəyişə bilər.

Rusiya ötən gün koronavirusa yoluxma hallarına görə Birləşmiş Ştatlardan sonra ikinci ölkəyə çevrilib. Rəsmi TASS xəbər agentliyi çərşənbə axşamı ölkədə 232,243 yoluxma halının, 2116 ölüm faktının qeydə alındığını bildirib. Kremlin sözçüsü Dmitri Peskov koronavirusa yoluxduğunu açıqlayıb. İki həftə öncə isə Rusiyanın baş naziri Mixail Mişustin də koronavirusa yoluxduğunu bildirmişdi.

Moskva metrosu
Moskva metrosu

Rusiyada koronavirusa yoluxma hallarında artım Putin bütün sahələrində işlərin “ölkə maraqları naminə” mayın 12-dən etibarən bərpa olunmasına dair göstəriş verdiyi vaxta təsadüf edib.

Dünya boyu bir çox başqa ölkələrdə də yeni yoluxma hallarında artımın müşahidə olunduğuna və yeni yoluxma dalğa ehtimalının olduğu ilə bağlı xəbərdarlıqlara baxmayaraq, yeni koronavirusun yayılmasının qarşısını almaq üçün tətbiq olunan karantin tədbirləri yüngülləşdirilməyə başlayıb.

İtaliya, Litva və Xorvatiyada da məhdudiyyətlərin yüngülləşdirilməsindən sonra yeni yoluxma hallarında artım müşahidə olunub.

Xorvatiya İtaliyaya yaxın olmasına baxmayaraq virusun yayılmasının qarşısını alıb, ölüm səviyyəsini aşağı tutmaqda müvəffəq olub.

İspaniya yeni yoluxma hallarının qarşısını almaq üçün xaricdən gələn insanların iki həftə ərzində karantində qalmalarını tələb edir. Yoluxma hallarına görə Birləşmiş Ştatlar və Rusiyadan sonra üçüncü yerdə gələn İspaniyada yeddi həftə boyunca sərt bağlama tədbirləri görülmüşdü.

Hindistan çərşəbə axşamı mart ayından bəri ilk dəfə bəzi qatar xidmətlərini bərpa edəcək, baxmayaraq ki, ölkədə bazar ertəsi 3600 yeni yoluxma halı qeydə alınıb.

Çin rəsmiləri xəsətliyin episentri olan Uhanda yeni yoluxma hallarının üzə çıxmasından sonra şəhərin 11 milyon sakinini test edəcəyini açıqlayıb.

Yeni Zelandiyada karantin rejiminin yüngülləşdirilməsinin ikinci mərhələsi başlayıb. Ölkə boyu restoranlar və kinoteatrlar fəaliyyətlərini bərpa edib.

Cons Hopkins Universitetinin məlumatlarına görə, dünya boyu koronavirusa yoluxan insanların sayı 4.2 milyonu, ölənlərin sayı isə 291 mini keçib.

XS
SM
MD
LG