Hindistan, Fransa, Nigeriyanın liderləri yeni koronavirusun yayılmasının qarşısını almaq üçün karantin rejimlərini uzadırlar. Dünya boyu virusa təsdiq olunan yoluxma halları 2 milyonu keçib.
Hindistanda yoluxma halları 10,300-i keçdiyi bir vaxt, baş nazir Narendra Modi çərşənbə axşamı mayın 3-dək davam edəcək karantin elan edib.
Fransanın prezidenti Emmanuel Makron bazar ertəsi televiziyada yayımlanan çıxışında Fransada karantin rejiminin mayın 1—dək davam edəcəyini və rəsmilərin o zaman artıq məktəbləri açacağını elan edib.
Fransada və Fransanın xaricdəki ərazilərində sistem gərgindir və epidemiya hələ nəzarət altında deyil. Buna görə də, biz səylərimizi davam etdirməli və qaydaları tətbiq etməliyik. Qaydalara nə qədər çox riayət olunsa, o qədər çox həyatı qurtarmaq mümkün olacaq”, o deyib.
Nigeriya da Laqos, Abuca və Oqun şəhərlərində karantin rejimini iki həftə daha uzadır. Türkiyə prezidenti isə 48 saatlıq evdən çıxmaq qadağasının bu həftə sonu da tətbiq olunacağını bildirib.
Yeni Zelandiya rəsmiləri insanlara üç həftə öncə evlərində qalmalarına dair göstəriş verib. Rəsmilər ölkədə yoluxma hallarında pik nöqtənin artıq keçdiyini desə də, baş nazir Casinda Ardern çərşənbə axşamı deyib ki, bu, onların təhlükədən qurtulduğu demək deyil.
İndiyədək koronavirusa ən çox yoluxma halı Birləşmiş Ştatlarda qeydə alınıb. Orada 600 minə yaxın insanın koronavirusa yoluxduğu təsdiq olunub, yoluxma hallarının böyük hissəsi Nyu Yorkda baş verib.
Təkcə Nyu York şəhərində 106 min, Nyu York ştatında ümumilikdə isə 195 min yoluxma halı qeydə alınıb ki, bu da İspaniya və İtaliyadan belə daha çoxdur. Lakin ştatın qubernatoru Endrü Kuomo “ən pis vəziyyətin geridə qaldığını”, amma nyu-yorkluların bundan sonra “ağıllı davranmağa davam etməli” olduqlarını deyib.
Kaliforniya insanların evdə qalmalarına göstəri verən ilk ştatlardan biri idi. Qubernator Qavin Nyusom çərşənbə axşamı administrasiyasının normal həyatın bərpası ilə bağlı planlarını açıqlayacaq.
Bundan əlavə çərşənbə günü İtaliyada da karantin rejiminin yüngülləşdirilməsi yolunda kiçik addımlar atılacaq. Belə ki, bəzi mağazaların açılmağına icazə veriləcək. Ölkədə krikit vəziyyətdə olan xəstələrin sayı yavaş-yavaş azalmağa başlayıb.
Pandemiya dünya iqtisadiyyatına böyük ziyan vurub, bir çox hökümətlər nəhəng yardım paketləri ayırıb.
Beynəlxalq Valyuta Fondu bazar ertəsi 25 ölkəyə yardım üçün 500 milyon dollarlıq yardımı təsdiq edib və bununla onların altı aylıq kredit borclarını ləğv edib.
Birləşmiş Ştatlarda hökümət ailələrə ödənişlərinə yardım etmək və ya insanları pul xərcləməyə və iqtisadi aklivliyi artırmağa təşviq etmək üçün nağd pul göndərir.
Maliyyə naziri Stiven Mnuçin 80 milyon amerikalının çərşənbə gününədək bu pulu alacaqlarını gözlədiyini deyib.