Cons Hopkins Koronavirus Resurs Mərkəzi koronavirusdan ölənlərin sayının 1 milyonu keçdiyi barədə məlumat verməsindən bir həftə sonra dünya boyu COVID-19-a yoluxanların sayının 35 milyondan çox olduğunu bildirib.
Bir neçə Avropa ölkəsi də pandemiyada yoluxma hallarında mərhələni keçib. Bazar ertəsi Almaniya yoluxanların ümumi sayının 300 mini keçdiyini, Britaniya isə 500 mininci halın qeydə alındığını bildirib.
Dünyanın ikinci ən böyük kinoteart zənciri olan Cineworld bazar ertəsi Britaniya və ABŞ-da kinoteatrlarını müvəqqəti bağlayacağını bəyan edib. Koronavirusa görə məhdudiyyətlər və qrup şəklində toplantılara qadağalar film sənayesinə çox ağır zərbə vurub və Cineworld bunun 45 min işçiyə təsir edəcəyini deyib.
Ölkə iqtisadiyyatında iş yerlərində böyük itkilərin qarşısını almaq üçün Britaniya hökuməti bazar ertəsi insanların yenidən işə qayıtmasına yardım məqsədi ilə 300 milyon dollarlıq yeni bir proqrama başlayıb.
Yeni Zelandiyanın baş naziri Jasinda Ardern bazar ertəsi bildirib ki, Okland şəhərindəki məhdudiyyətlər çərşənbə günü qaldırılacaq.
Bu məhdudiyyətlər avqust ayında ölkənin ən böyük şəhərində Yeni Zelandiyanın xəstəliklə mübarizəsindəki nailiyyətlərini təhlükə altına qoyan koronavirus epidemiyasının yayılmasının qarşısını almaq məqsədilə tətbiq edilmişdi.
Okland ardıcıl olaraq 10 gündür yeni yoluxma hallarının qeydə alınmadığını və çərşənbə günü məhdudiyyətlərin qaldırılacağını bildirib. Bununla insanlar artıq bar və restoranlarda sosial məsafə qaydalarına riayət etmək məcburiyyətində qalmayacaq və 100-dən çox insan bir araya gələ biləcək.
Fransa baş nazỉrinin ofisindən verilən məlumata görə, çərşənbə axşamı günündən etibarən Parisdəki barlar iki həftə müddətinə bağlanacaq, restoranlar isə yeni sanitariya protokollarından istifadə etməyə başlayacaq.
Bazar günü Fransa 12 min 565 koronavirusa yeni yoluxma halının qeydə alındığını, son bir həftə ərzində COVID-19-a yoluxmuş 893 xəstənin reanimasiya şöbəsinə aparıldığını bildirib.