Accessibility links

Dünya boyu koronavirusdan ölüm halları 2 milyonu ötüb


Cons Hopkins Universitetinin məlumatına görə, koronavirusun Çinin Vuhan şəhərində üzə çıxmasından bir il sonra cümə günü dünya boyu COVID-19 halları 2 milyonu keçib.

“Bu dəhşətli rəqəmlərin arxasında adlar və üzlər, artıq bir xatirəyə çevrilən gülüşlər, yemək masasının arxasında həmişəlik boş qalan oturacaqlar var,” BMT-nin baş katibi Antonio Quterreş cümə günü müxbirlərə bildirib.

Quterreş həmçinin deyib ki, ölənlərin sayı “koordinasiya edilmiş qlobal səylərin olmaması ilə daha da artıb” və əlavə edib ki, “elm müvəffəq oldu, həmrəylik isə iflas etdi.”

Birləşmiş Ştatlar ən yüksək yoluxma və ölüm halları ilə siyahının başında gəlir. Cons Hopkins bildirir ki, ABŞ-da COVID-19-a 23 milyon yoluxma halı qeydə alınıb, ölüm halları isə sürətli bir şəkildə 400 000-ə yaxınlaşır.

Bəzi ştatlar tibb işçilərinə peyvənd vurublar və artıq yaşlı insanları vaksinasiya etməyə hazırlaşırlar, lakin müraciətlərin sayı o qədər çoxdur ki, tibbi müəssisələrdə vaksinlər çatışmır.

Prezident seçilən Co Bayden cümə günü ABŞ-ın COVID-19 vaksin proqramı ilə bağlı planını açıqlayıb. Bunda federal maliyyənin artırılması, minlərlə vaksin mərkəzinin yaradılması və vaksinasiya üçün tələb olunan ləvazimatların istehsalını artırmaq üçün Müdafiə İstehsalı Aktının icra edilməsi daxildir.

Geniş-miqysalı plan Baydenin 100 gün ərzində 100 milyon amerikalıya peyvənd vurmaq hədəfinin bir hissəsidir.

“Sizə söz verirəm: Biz bu əməliyyatı həyata keçirəcəyik,” o Delaver ştatının Vilminqton şəhərində müxbirlərə bildirib.

ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi cümə günü xəbərdarlıq edib ki, mart ayında qədər koronavirusun yoluxuculuğu yüksək olan variantı ABŞ-da dominant varianta çevrilə bilər.

İlk Britaniyada üzə çıxan variant ABŞ-da koronavirus böhranını daha da kəskinləşdirə bilər.

ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi bildirib ki, bu variant xəstəliyi daha ölümcül deyil, yoluxucu edir.

Bundan əlavə cümə günü bəzi ABŞ qubernatorları Tramp administrasiyasını ştatlara onlara göndəriləcəyi gözlənilən COVID-19 vaksinlərinin sayı ilə bağlə yalan söyləməkdə ittiham edib.

ABŞ-ın Səhiyyə və İnsan Xidmətləri katibi Aleks Azar cümə günü NBC News proqramına bildirib ki, ABŞ-ın bir çoxlarının gözlədiyi kimi COVID-19 vaksin ehtiyatı yoxdur. Lakin o, insanlara vurulacaq ikinci doza üçün kifayət qədər vaksinin olacağına əmin olduğunu söyləyib.

ABŞ-da istifadə üçün təsdiqlənən Pfizer və Moderna vaksinlərinin bir neçə həftə ara ilə iki dozada verilməsi nəzərdə tutulub.

XS
SM
MD
LG