Accessibility links

COVID-19 dünya boyu Yeni İl şənliklərinə kölgə salıb


Dünya daha bir təlatümlü pandemiya ilindən sonra 2022-ci ili artan yoluxma sayları, yeni məhdudiyyətlər və qarşıda daha yaxşı vaxtların olacağı ilə bağlı kiçik bir ümidlə qarşılayır.

Son 12 ay ABŞ-da yeni prezident, Adelin yeni albomu, tamaşaçısız Olimpiada Oyunları və Əfqanıstandan tutmuş Myanmaya və Honq Konqa qədər avtoritar rejimlər tərəfindən demokratiya xəyallarının dağılması ilə başa çatır.

Lakin artıq üçüncü ilinə qədəm qoyan pandemiya bəşəriyyətin əksəriyyətinin həyatına hakim olmaqda davam edir.

Koronavirusun ilk dəfə 2019-cu ilin dekabrında mərkəzi Çində aşkar edildiyi gündən bəri dünya boyu 5,4 milyondan çox insan həyatını itirib.

Saysız-hesabsız insan koronavirusa yoluxub və onlar epidemiyalar, karantinlər, məhdudiyyətlərə, habelə PCR, LFT, RAT kimi testlərin edilməsinə məruz qalıb.

France Press Agentliyinin məlumatına görə, omikron variantının ortaya çıxmasından sonra ilin axırında COVID-19-a gündəlik yeni yoluxma hallarının sayı ilk dəfə olaraq 1 milyonu ötüb.

Cümə günü Fransa omikronun indi dominant koronavirus ştammı olduğunu elan edən son ölkə olub.

Britaniyada, ABŞ-da və hətta Avstraliyada belə bu variantın yayılması yeni yoluxmaları rekord həddə çatdırıb.

Yeni İl şənliklərinin başlanmasına bir neçə saat qalmış Avstraliyanın səhiyyə orqanları çoxu Sidneydə olmaqla, yoluxanların sayının bir gündə rekord 32 minə çatdığını bildirib.

Seuldan tutmuş San-Fransiskoya qədər, infeksiyalar artdığına görə Yeni İl şənlikləri yenidən ləğv edilib və ya məhdudiyyətlər qoyulub.

Aprel və may aylarında ölkəni bürüyən dağıdıcı virusun təkrarlanmasından qorxan Hindistan şəhərlər və ştatlarda toplantılara məhdudiyyətlər qoyub. Dehlidə axşam saat 22:00-dan komendant saatı tətbiq edilir.

Ümumdünya Səhiyyə Təşkilatı omikronu "sunami" adlandıraraq, qarşıdan ağır vaxtların gələ biləcəyi barədə xəbərdarlıq edib.

XS
SM
MD
LG