Accessibility links

Dünya boyu koronavirusdan ölənlərin sayı 900 mini keçib


Dünya boyu COVID-19 pandemiyasından ölənlərin sayının 900 mini keçdiyi bir vaxt Birləşmiş Ştatların yoluxucu xəstəlik üzrə yüksək səviyyəli mütəxəssisi deyib ki, dərman istehsalçısı AstraZenecanın eksperimental peyvəndinin son qlobal sınaqlarının dayandırılması sınaqlara daxil edilmiş təhlükəsizlik tədbirlərinin effektivliyini göstərir.

"Məhz peyvəndlərin təhlükəsiz olub-olmadığını müəyyənləşdirmək üçün sınaqlar müxtəlif mərhələlərdən keçirilir" - deyə Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun rəhbəri Entoni Fauçi çərşənbə günü səhər CBS kanalına verdiyi müsahibəsində bildirib.

Britaniya-İsveç əczaçılıq nəhəngi olan Astra-Zeneca şirkəti peyvənd edilən könüllülərdən birinin xəstələndiyinə görə COVID-19 peyvəndinin genişmiqyaslı qlobal sınaqlarını dayandırıb.

"Bunun baş verməsi təəssüf doğurur və təhqiqatların qalan hissəsini birlikdə davam edə biləcəklərinə ümid edirik. Lakin bilmək olmaz, onlar araşdırmaları davam etməlidirlər."

Şirkət çərşənbə axşamı açıqlama verərək, testlərə ara verməyin "sınaqlarda potensial səbəbi açıqlanmayan bir xəstəlik olduğu zaman baş verən adi bir hal olduğunu" bildirib.

AstraZeneca şirkəti AZD-1222 adlı peyvəndi Britaniyanın Oxford Universitetinin əməkdaşlığı ilə hazırlayıb. Peyvənd ABŞ, Britaniya, Braziliya, Cənubi Afrika və Hindistan da daxil olmaqla, bir neçə ölkədə genişmiqyaslı Faza 2 və Faza 3 sınaqlarından keçirilir. AZD-1222 ABŞ-da 3 mərhələdə aparılan 3 COVID-19 peyvəndindən biridir.

Şirkət iştirakçının xəstəliyinin mahiyyəti ilə bağlı açıqlama verməyib. Lakin New York Times qəzetinin verdiyi məlumata görə, Britaniyadan olan könüllünün onurğa beyninə təsir edən və çox vaxt virus infeksiyalarının təsirindən qaynaqlanan iltihab `transvers miyelit sindromu` diaqnozu qoyulub. Lakin qəzet bildirir ki, bunun birbaşa AZD-1222 peyvəndi ilə əlaqəli olub-olmadığı məlum deyil.

COVID-19 peyvəndinin testinin dayandırılmasını elan etməsindən bir neçə saat əvvəl AstraZeneca digər səkkiz dərman istehsalçısına qatılaraq, vaksinlə bağlı bütün məlumatların onun təhlükəsiz və effektiv olduğunu göstəmədiynə qədər ABŞ hökumətinin tənzimləyici orqanlarından təsdiq almağa çalışmayacağına söz verib.

Qeyri-adi müştərək vəd səhiyyə mütəxəssisləri tərəfindən əczaçılıq şirkətlərinin COVID-19 peyvəndini sürətlə inkişaf etdirmək və tətbiq etmək üçün ciddi siyasi təzyiqləri azaltmaq məqsədi daşıyır.

ABŞ prezident Donald Tramp uğurlu bir peyvəndin noyabrın 3-ü, ABŞ-ın tarixi prezident seçkilərindən əvvəl hazır olmasını istəyir.

XS
SM
MD
LG