Cümə axşamı Londonda Keniya və Britaniyanın ev sahibliyi etdiyi Qlobal Təhsil Sammitinin ikinci və son günüdür. Beynəlxalq hökumətlər və şirkətlər 90 ölkə və ərazidə məktəbə getməyən uşaqların 80% -ni dövlət təhsilinə ədalətli çıxışla təmin edən Təhsil üçün Qlobal Tərəfdaşlıq üçün 4 milyard dollar yardım vəd ediblər.
Zirvə toplantısında COVID-19-un iqtisadi cəhətdən az inkişaf etmiş ölkələrdə onsuz da qaynaqları az olan dövlət təhsil proqramlarını azaltdığına dair xəbərdarlıqlar fonunda təhsilə bərabər çıxışın vacibliyi vurğulanıb. Mütəxəssislər təşkilata pandemiya səbəbilə məktəbdən çıxmağa məcbur qalanların geri qayıtmadığını təxmin edirlər.
Avstraliyanın keçmiş baş naziri və tərəfdaşlığın sədri Culia Gillard qeyd edib ki, pandemiya bütün dövlətlərdə təhsilə təsir edib, ancaq ailələrin internet bağlantısı və ya elektrik enerjisindən məhrum olduğu kasıb ölkələr viran qalıb.
Gillard bu vədin tərəfdaşlığı beş il ərzində 5 milyard dollar ianə toplamaq hədəfinə yaxınlaşdırdığını deyib.
Keniya Kabinetinin xarici əlaqələr üzrə katibi səfir Rayşel Omamo pandemiyanın qlobal təhsilə dağıdıcı təsiri barədə xəbərdarlıq edərək, "təhsil yoldur – irəliləyiş yolu" deyib.
Pakistanlı Nobel Sülh Mükafatı laureatı və qadın təhsili fəalı Malala Yusafzai zirvə liderləri ilə danışıb və tez-tez ayrı-seçkiliyə məruz qalan gənc qızlar üçün əlçatan təhsilin əhəmiyyətini vurğulayıb. O, 130 milyon qızın pandemiya səbəbilə məktəbə gedə bilməməsi ilə bağlı məlumat verib və "gələcəkləri uğrunda mübarizə aparmağa dəyər" sözlərini xüsusi qeyd edib.
Britaniyanın Baş naziri Boris Conson Keniya Prezidenti Uhuru Kenyatta ilə konfransda çıxış edərək hökumətinin qızların təhsilinə sadiq qaldığını və 2026-cı ilədək 40 milyon daha çox qız uşağını məktəbə qəbul etmək məqsədini açıqlayıb.
"Onların öyrənmələrini və potensiallarını tam şəkildə qazanmalarını təmin etmək bu böhrandan çıxmaq üçün edə biləcəyimiz ən böyük şeydir" – deyə, Conson bildirib.
Conson Britaniyanın xaricdəki yardım büdcəsini kəsərkən, eyni zamanda qızların təhsilini təşviq etdiyinə görə tənqidlərlə üzləşib. Baş nazir Təhsilin Qlobal Tərəfdaşlığına 602 milyon dollar ayırmağı vəd edib. Eyni zamanda isə, o, Böyük Britaniyanın beynəlxalq inkişaf yardımından 5.6 milyard dollar kəsib.
Britaniyalı rəsmilər büdcənin azaldılmasının müvəqqəti olduğunu və pandemiyadan sonra bərpa işlərinin yaratdığı iqtisadi gərginlik səbəbindən zəruri bir addım olduğunu bildiriblər.
Təhsil üçün Qlobal Tərəfdaşlıq tələbələrə qarşı açıq şəkildə ayrı-seçkilik edən tərəfdaş ölkələrə maddi yardımı davam etdirdiyinə görə də tənqidlərə tuş gəlib. Human Rights Watch təşkilatı tərəfindən aparılan araşdırmalara görə, Tanzaniyadakı hamilə tələbələr və Banqladeşdəki Rohinca qaçqın uşaqlar bu cür hallarla üzləşiblər.