Accessibility links

Dünya liderlərinin ABŞ Konqresindəki qarışıqlığa reaksiyaları


Prezident Donald Trampın noyabr ayı prezident seçkisində məğlub olmasına görə qəzəblənən tərəfdarlarının çərşənbə günü ABŞ Kapitoli binasına daxil olması dünya boyu şok, kədər və sarkazmla qarşılanb.

“Bu gün Vaşintonqda baş verənlər Amerika deyil,” Fransa Prezidenti Emmanuel Makron çərşənbə axşamı Twitter-də yerləşdirdiyi video mesajda bildirib. “Biz demokratiyalarımızın gücünə inanırıq. Biz Amerika demokratiyasının gücünə inanırıq,” o əlavə edib.

Hindistanın baş naziri Narendra Modi də Twitter hesabında yaydığı bəyanatda Vaşinqtonda baş verən “iğtişaş və zorakılığı” onu “narahat etdiyini” bildirib. “Hakimiyyətin nizamlı və dinc şəkildə ötürülmə prosesi davam etməlidir. Qanunsuz etirazların demokratik prosesi sarsıtmasına imkan verilməməlidir.”

Tayvanın Xarici İşlər Nazirliyi cümə axşamı bəyanatında zorakılıqlarla bağlı təəssüf hissi keçirdiyini bildirib. Nazirlik Tayvan vətəndaşlarını Vaşinqton rəsmilərinin tətbiq etdiyi komendant saatı ilə əlaqədar “sayıq olmağa və təhlükəsizliyə diqqət yetirməyə” çağırdığını bildirib.

Pakistanın Xarici İşlər Nazirliyinin sözçüsü Zahid Hafiz Çudri cümə axşamı müxbirlərə bildirib ki, hökumət Vaşinqtonda baş verənləri yaxından izləyir. “Biz ümid edirik ki, vəziyyət yaxında normala dönəcək və davam etməkdə olan keçid prosesinə hər hansı təsir göstərməyəcək,” Çudri deyib.

Cənubi Koreyanın hakim Demokrat Partiyasının yüksək vəzifəli qanunvericisi Sonq Yonq-gik Facebook-da insidentin “Birləşmiş Ştatların utancverici tərəfini” üzə çıxardığını bildirib. “Bu cür davranışdan öz davranışlarına bəraət qazandırmaq istəyən diktaturalar tərəfindən sui-istifadə oluna bilər,” Sonq əlavə edib. “Mən Birləşmiş Ştatların sistemini bərpa etməsini səbirsizliklə gözləyirəm.”

“ABŞ Konqresində biabırçı mənzərə. Birləşmiş Ştatlar dünya boyu demokratiyanı dəstəkləyir və hazırda hakimiyyətin dinc və nizamlı şəkildə ötürülməsi zəruridir,” Britaniyanın baş naziri Boris Conson Twitter-də yazıb.

Avropa İttifaqının rəsmiləri çərşənbə günü Tramp tərəfdarlarının Kapitoliyə daxil olaraq Baydenə verilən səslərin sertifikatlaşdırma prosesinə mane olmasının ardından Baydenə dəstəklərini ifadə ediblər.

“Mən ABŞ qurumları və demokratiyanın gücünə inanıram. Hakimiyyətinin dinc şəkildə ötürülməsi onun mühüm hissəsidir. @CoBayden seçkidə qalib gəldi,” Avropa Komissiyasının prezidenti Ursula von der Leyen Twitter-də yazıb.

“Bu demokratik seçkinin nəticəsinə hörmət göstərilməlidir,” NATO-nun sədri Yens Stoltenberq Twitter-də bildirib.

Türkiyənin Xarici İşlər Nazirliyi çərşənbə günü bəyanat yayaraq, Birləşmiş Ştatlardakı vətəndaşlarını izdihamlı yerlər və toqquşmalardan uzaq durmağa çağırıb.

“Biz ABŞ-dakı bütün tərəfləri təmkinə və sağlam düşünməyə dəvət edirik. Biz inanırıq ki, ABŞ bu daxili siyasi böhranın öhdəsində gələcək,” nazirlik bildirib.

İran Prezidenti Həsən Ruhani cümə axşamı televiziyada yayımlanan çıxışında deyib ki, çərşəbə günü ABŞ Kapitolisində baş verən hadisələr Qərb demokratiyasının kövrək və populizmə həssas olduğunun sübutudur. O deyib ki, “Populist gəlib və son dörd ildə ölkəsini fəlakətə doğru aparıb.”

Ruhani əlavə edib ki, o, “Ağ Evin növbəti sakinlərinin” “ölkəni Amerika xalqına layiq vəziyyətə döndərəcəyinə ümid edir, çünki Amerika xalqı böyük bir xalqdır.”

XS
SM
MD
LG