Accessibility links

Dünya qüdrətləri Dağlıq Qarabağda döyüşlərə son qoymağa çalışır


Ermənistan prezidenti Armen Sarkisyan Avropa İttifaqı və NATO ilə danışıqlar aparmaq üçün Brüsselə yollanıb. Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri isə Dağlıq Qarabağ uğrunda döyüşlərə son qoymaq üçün Rusiya ilə diplomatik danışıqlar üçün Moskvadadır.

Sentyabrın 27-də başlayan hərbi əməliyyatların intensivləşməsi nəticəsində yüzlərlə əsgər və mülki şəxs həyatını itirib.

Sarkisyanın ofisindən bildirildiyinə görə, onun Brüsseldə NATO-nun Baş Katibi Yens Stoltenberq, Avropa İttifaqı xarici siyasət idarəsinin rəhbəri Cosep Borrell və Avropa Şurasının prezidenti Çarlz Mişel ilə görüşləri nəzərdə tutulub.

Azərbaycan Xarici İşlər Nazirliyi oktyabrın 21-də Ceyhun Bayramovun “Rusiya tərəfi ilə məsləhətləşmək” üçün Moskvaya yollandığını bildirib.

Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyanın isə Rusiya Xarici İşlər naziri Sergey Lavrovla görüşü planlaşdırılmışdı. Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin üz-üzə görüşünün olub-olmayacağı aydın deyil.

Bayramov və Mnatsakanyan daha sonra ABŞ Dövlət katibi Mayk Pompeonun iştirakı ilə oktyabrın 23-də danışıqlar aparmaq üçün Vaşinqtona yollanacaqlar.

ABŞ, Fransa və Rusiya Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Dağlıq Qarabağ münaqişəsinin nizamlanmsı üzrə Minsk Qrupunun həmsədr ölkələridir. 1994-cü ildə atəşkəsdən bəri danışıqlar hələ ki, uğursuzluqla nəticələnib.

Hərbi əməliyyatlar Cənubi Qafqazda Ermənistanla müdafiə paktı bağlayan Rusiya və Azərbaycanın ən yaxın müttəfiqi olan Türkiyənin münaqişəyə cəlb olunması ilə bağlı narahatlıqların artmasına səbəb olub. Eyni zamanda, Azərbaycan qazını və neftini dünya bazarlarına çıxaran boru kəmərlərinin təhlükəsizliyi ilə bağlı narahatlıqlar artmaqdadır.

XS
SM
MD
LG