Accessibility links

Dünyada ilk dəfə olaraq İİV virusu olan insandan İİV virusu olan başqa insana böyrək transplantasiyası edilib


Orqan donoru Nina Martinez
Orqan donoru Nina Martinez

Tarixdə ilk dəfə olaraq İİV virusu olan insan İİV-si olan bir digər insana böyrəyini bağışlayıb.

Baltimorda yerləşən Cons Hopkins Xəstəxanasının həkimlərindən ibarət komanda transplantasiya əməliyyatını martın 25-də həyata keçirib.

Daha öncə orqanlar İİV virusu olan ölü insanlardan İİV-si olan pasientlərə transplantasiya olunub. Lakib İİV böyrək xəstəliklərinə səbəb olduğu üçün daha əvvəl yaşayan və İİV-si olan insanlar böyrəklərini bağışlaya bilmirdi.

Cons Hopkins Universitetinin Tibb Məktəbinin cərrahiyyə professoru Dr. Dorri Segev cümə axşamı mətbuat konfransında deyib ki, o, həmkarları ilə birlikdə İİV ilə yaşayan 40 mindən çox insanı araşdırıb, xüsusilə də onların böyrəklərinin sağlamlığını. Araşdırmanın nəticəsində onlar İİV virusu nəzarət altında olan insanların İİV virusu olmayan insanlarla eyni sağlamlıq risklərinin olduğunu və böyrək bağışlamaq üçün kifayət qədər sağlam olduqlarını aşkar edib.

Bundan əlavə antiretrovirus terapiyası İİV virusu olan insanlara normal ömür yaşamağa imkan verir.

İİV ətrafında stiqma

Cons Hopkins-in yoluxucu xəstəliklər və xərçəng üzrə mütəxəssisi Dr. Kristin Durand deyib ki, transplantasiya proseduru tibbdə irəliləyişə səbəb olur, eyni zamanda isə İİV ilə bağlı stiqmanı aradan qaldırmağa yardım edir.

Durand və Segev İİV-dən İİV-yə transplantasiyanın mümkünlüyü, təhlükəsizliyi və effektivliyini araşdıran bir neçə təhqiqatı əhatə edən HOPE in Action təşkilatına başçılıq edir. Hazırda İİV virusu olan insandan İİV virusu olmayan insanlara orqan transplantasiyası qeyri-qanunidir.

Donor

Böyrəyi bağışlayan Nina Martinez kiçik yaşlarından bəri İİV ilə yaşayır. O, İİV virusu olan böyrək donoru ilə bağlı televizya proqramını izləyəndən sonra donor olmaq qərarına gəlib.

“Bəzi insanlar İİV virusu ilə yaşayan insanların xəstə olduğunu düşünür, onlara pis baxır” – deyə, İİV ətrafındakı stiqmanı aradan qaldırmağa çalışan Martinez bildirir. “Mən bir fəal olaraq, insanların İİV ilə bağlı düşüncələrini dəyişmək istəyirəm. Mən heç kəsin qəhrəmanı olmaq istəmirəm. Mən kimin üçünsə nümunə olmaq, kimisə orqanını bağışlamağa həvəsləndirəcək səbəb olmaq istəyirəm”, o deyib.

Martinez Segevlə danışandan sonra ötən il müayinə üçün Baltimora səfər edib. Cons Hopkins-in cərrahiyyə komandası Martinezin böyrəklərinin sağlam və qanında çox az sayda İİV virusunun olduğunu aşkar edib.

Şəkərli diabetləri, nəzarət olunmayacaq dərəcədə yüksək təzyiqləri və sidiklərində zülal olmayan İİV viruslu insanlar orqan bağışlaya bilər.

Segev deyib ki, həm donor həm də böyrəyi alan insanın səhhəti yaxşıdır.

Birləşmiş Ştatlarda təxminən 113 min insan transplantasiya üçün orqan gözləyir. Ən uzun növbə isə böyrək üçündür. Hər gün orqan gözləyən təxminən 20 amerikalı həyatını itirir.

XS
SM
MD
LG