Accessibility links

Dünyada koronavirusa yoluxma halları 12 milyonu keçib


Cons Hopkins Universitetinin ən son məlumatına görə, dünya boyu yeni koronavirusa yoluxma halları 12 milyona çatıb.

Birləşmiş Ştatlar 3 054695 yoluxma halı ilə birinci yerdədir. Təkcə çərşənbə günü ABŞ-da 60 min yeni yoluxma qeydə alınıb.

Azı beş ştat – Kaliforniya, Texas, Tennesi, Vest Virciniya və Yutah - çərşənbə günü rekord yoluxma halları barədə məlumat verib. Arizona, Kaliforniya, Florida və Texas ştatlarının rəsmiləri həmçinin xəbərarlıq edir ki, onların ştatlarındakı xəstəxanaların reanimasiya şöbələri artıq dolub, ya da dolmağa yaxındır.

Bu arada Avstraliyanın ikinci böyük şəhəri Melburnda çərşənbə axşamı altı həftəlik qapanma tədbirləri başladılıb. Sakinlərə iş, məktəb, ərzaq alış-verişi və həkim istisna olmaqla, başqa heç yerə getməmələri barədə göstəriş verilib.

Qapanma tədbirləri Viktoriya ştatının paytaxtı Melburnda bazar ertəsi 127 yeni yoluxma halı qeydə alınmasının ardınca qonşu olan Viktoriya və Yeni Cənubi Uelz ştatlarının rəsmilərinin iki ştat arasında sərhədi bağlamasından sonraya təsadüf edib.

Yaponiyanın ictimai yayım şirkəti NHK Tokioda cümə axşamı rekord 224 yoluxma halının qeydə alındığını bildirib.

Çərşənbə günü Nature adlı elmi jurnalda dərc olunan yeni araşdırmanın nəticələri kişilər, irqi və etnik azlıqlar və köklük, şəkərli diabet və kəskin bronxial astma kimi xəstəlikləri olan insanlar arasında COVID-19 nəticəsində ölüm riskinin daha yüksək olduğu göstərib.

Britaniyalı tədqiqatçılardan ibarət komandanın apardığı araşdırmada üç ay boyunca 17 milyon insan izlənib. Onlar COVID-19-dan və ya COVID-19-la əlaqədar yan təsirlər səbəbilə həyatını itirən 10 min insan arasında 80 və yuxarı yaşda olan insanların ölüm riskinin 50 yaşlarından olan insanlardan azı 20, 40 yaşlarında olan insanlardan isı azı 100 qat yüksək olduğunu müəyyən ediblər.

Tədqiqatçılar həmçinin araşdırmada iştirak edən insanların 11 faizinin qeyri-ağ olduğunu və əksəriyyəti qaralar və cənubi asiyalılardan ibarət bu insanlar arasında koronavirusdan ölüm riskinin ağlardan daha yüksək olduğunu aşkar edib.

XS
SM
MD
LG