Accessibility links

Dünyada qızılcaya yoluxma halları artıb


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəbərdarlıq edir ki, ötən illə müqayisədə 2019-cu ilin ilk üç ayı ərzində planet boyunca qızılcaya yoluxma halları az qala dörd dəfə artıb.

Son dərəcə yoluxucu, lakin qarşısı alına bilinən bu xəstəlik barədə ilkin məlumatları verən ÜST aprelin 15-də bildirib ki, “qızılcaya yoluxma halları dünyanın bütün yerlərində artıb”.

ÜST-nin bəyanatında deyilir ki, xəstəlik hallarının kəskin artması Ukrayna, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, habelə Afrika və Cənub-Şərqi Asiya ölkələrində qeydə alınıb.

ÜST uşaqları öldürən və ya ömürlük əlil edən bu xəstəliklə mübarizədə vaksinasiyadan istifadəyə çağırıb.

Bu da qeyd olunur ki, qızılca xüsusilə də son iki il ərzində yayılmağa başlayıb.

2017-ci il üçün əldə olan məlumatlara əsasən bildirilir ki, qızılca həmin il dünya boyunca 110 min ölümə səbəb olub. ÜST-nin məlumatına görə, qızılcaya yoluxma halları peyvəndləmənin kifayət qədər yüksək səviyyədə həyata keçirildiyi Birləşmiş Ştatlar, İsrail, Tayland və Tunisdə də artıb.

Məlumatda deyilir ki, qızılcanın sürətlə və geniş yayılmasına bu xəstəlikdən peyvənd edilməmiş insan qrupları səbəb olur.

ÜST bunu da bildirir ki, vaksinasiyanın həyata keçirilməsi adamların müdafiəsini yaxşılaşdırır, lakin epidemiyaların baş qaldırmaması üçün əhalilərin 95 faizinin peyvəndli olması tələb edilir.

Ekspertlər deyirlər ki, “təhlükəsiz və effektiv vaksinin iki dozası qızılcanın tamamilə dəf olunmasını təmin edir”.

Amma bu da əlavə edilir ki, qızılcaya qarşı dünya boyunca birinci dozanın verilməsi 85 faizdən çox olmayıb, ikinci dozanı isə adamların yalnız 67 faizi alıb.

ÜST həyəcanla bildirir ki, 25-dək ölkə vaksinasiyanın ikinci dozasını milli peyvəndləmə proqramlaırna heç daxil etməyib.

Qızılca vaksinlərinə qətiyyətlə müqavimət göstərən çox sayda valideynin olduğu ABŞ-da aprelin əvvəllərində qızılcaya yoluxma halları 20 faiz artıb.

XS
SM
MD
LG