Accessibility links

Dünyanın 1 nömrəli tennisçisi Novak Cokoviçin COVID-19 testi müsbət çıxıb


Dünyanın ən yaxşı kişi tennisçisi, serbiyalı Novak Cokoviç koronavirus testinin müsbət çıxdığını açıqlayıb.

Cokoviç iyunun 23-də yerli mediada yayılan açıqlamasında həyat yoldaşının testinin müsbət, uşaqlarının testlərinin isə mənfi olduqlarını qeyd edib.

Serbiyalı ulduzun yoluxma xəbəri ötən həftə Cokoviçin Adria Tur adlı turnirində iştirak edən xorvatiyalı Borna Çoriç, bolqarıstanlı Qriqor Dimitrov və serbiyalı Viktor Troiçkidə də koronaviorus testlərinin müsbət nəticə göstərməsinin ardından verilib.

Troiçki iyunun 22-də axşam saatlarında həm özünün, həm də hamilə həyat yoldaşının virusa yoluxduğunu bəyan edib.

Cokoviçin fitnes üzrə məşqçisi və Dimitrovun məşqçisi, italiyalı Marko Paniki və alman Kristian Qroxun da testləri müsbət çıxıb.

Onların hamısı Cokoviçin təşəbbüsü ilə keçirilən Adria Turunda iştirak edib. İyunun 21-nə planlaşdırılan final, Dmitrovun müsbət testindən sonra təxirə salınıb.

Cokoviç təcrid qaydalarına görə tennis dünyasında heç bir yarışın keçirilmədiyi bir vaxtda məhdud səhiyyə tədbirləri ilə turnirin təşkil edilməsi və Belqrad turundan sonra bunu açıq şəkildə qeyd etməsinə görə tənqidlərlə üzləşib.

Lakin o, Serbiya və ya Xorvatiyada pandemiya səbəbilə tətbiq olunan məhdudlaşdırmalar aradan qaldırıldığı üçün bu ölkələrdə heç bir yerli qanunu pozmayıb.

XS
SM
MD
LG