Accessibility links

150-dən artıq ölkə qlobal miqrasiya paktını təsdiq edib


BMT-nin baş katibi Antonio Quterres bildirib ki, miqrasiya məsələsi daha yaxşı idarə edilməli və təhlükəsiz olmalıdır. O, 150-dən artıq ölkənin qlobal miqrasiya paktının təsdiq etməsini alqışlayıb.

BMT-nin miqrasiya paktı iki il öncə 193 üzvün hamısının razılaşdırdığı daha geniş bir plan nəticəsində əldə olunub. Məqsəd miqrasiyanı daha insani və nizamlı etməkdir. 2 il öncə xəbərlərdə Avropaya keçməyə çalışan qaçqın və miqrantların Aralıq və Egey dənizlərində həlak olduğu daha böyük yer alırdı.

Məcburi və ya könüllü, lazımi sənədlərə malik olub-olmadan yola çıxanların insan hüquqlarına riayət, onların şərəf və ləyaqətinə hörmət edilməlidir

Bu gün Mərakeşdə işinə başlayan ikigünlük konfransda danışan baş katib bu pakta daha çox Afropa ölkələrinin ehtiyacı olduğunu bildirib.

Quterres deyib ki, sənədin milli suverenliyi pozacağı və insanların istədikləri yerə miqrasiya edə biləcəklərinə dair qorxulara səbəb olduğu yanlışlıqdır.

Qlobal saziş ən adi xidmətlərə çıxış, insan qaçmalçılığına qarşı mübarizə, diskriminasiyanın aradan qaldırılması, yaşayış və iş yerləri ilə təminat, deportasiya edilənlərin təhlükəsiz şəkildə vətənlərinə qaytarılması kimi 23 maddəni nəzərdə tutur.

Hazırlığı iki ilə çəkən sənəddən ilk öncə ABŞ geri çəkilib.

O zaman ABŞ dövlət katibi vəzifəsində çalışan Reks Tillerson deyib ki, Amerika miqrasiya sahəsində beynəlxalq əməkdaşlığa dəstək verir, lakin suveren dövlətlər miqrasiyanın təhlükəsiz, nizamlı və qanuni şəkildə həyata keçirilməsinin məsuliyyətini daşıyır.

Macarıstan və Avstriya razılaşmadan geri çəkilən ilk ölkələrdən olub. Macarıstan Serbiya və Xorvatiya ilə sərhədinə hasar çəkib. Bu ölkə 2015-ci ildə Qərbi Avropaya yol almış qaçqın və miqrantlar üçün tranzit ölkəyə çevrilmişdi.

Bunun ardınca Avstraliya, Avstriya, Latviya, Polşa və Dominikan Respublikası eyni addımı atıb.

Quterres bildirib ki, miqratların 80 faizi normal prosesdən keçdiyi halda, 60 mindən artıq insan qaçaqmalçıların vasitəçiliyi ilə səhra, dəniz və çaylar kimi təhlükəli yollardan keçir.

"Məcburi və ya könüllü, lazımi sənədlərə malik olub-olmadan yola çıxanların insan hüquqlarına riayət, onların şərəf və ləyaqətinə hörmət edilməlidir. Əks təqdirdə bu, dehumanizasiya və dəhşət deməkdir", BMT-nin baş katibi əlavə edib.

BMT-nin təxminlərinə görə, dünya əhalisinin 3 faizi, yəni 258 milyon nəfəri miqrantdır.

Hazırda dünyada 164 milyon miqrant işçi var. Bu rəqəm 2013-cü ildən bəri 9 faiz artıb. O zaman miqrant işçilərin sayı 150 milyon idi.

Miqrant işçilərin 96 milyonu kişilər, 68 milyonu qadınlardır. Yəni, kişilərin payı 56 faizdən 58-ə yüksəlib. Qadınların sayı isə 44 faizdən 42-yə düşüb.

Miqrant işçilərin 87 faizə yaxını fəal işləmə yaşındadır, 25-64 yaşlıdır. Bu isə o deməkdir ki, mənbə ölkələr işçi qüvvələrinin ən məhsuldar seqmentini itirir. Bu, həmin ölkələrin iqtisadi artımına mənfi təsir göstərə bilər.

Dünyadakı 164 milyon miqrant işçinin 111,2 milyon nəfəri (67,9 faizi) yüksək gəlirli ölkələrdə yaşayır. 30,5 milyonu (18,6 faizi) orta gəlirli, 16,6 milyonu (10,1 faizi) aşağı orta gəlirli, 5,6 milyonu (3,4%) azgəlirli ölkələrdə yaşayır.

Miqrant işçilər yüksəkgəlirli ölkələrin işçi qüvvəsinin 18,5, azgəlirli ölkələrdə 1,4-2,2 faizini təşkil edir. 2013-2017-ci illərdə miqrant işçiləri yüksəkgəlirli ölkələrə cəmlənməsi 74,7 faizdən 67,9 faizə düşüb, amma yuxarı ortagəlirli ölkələrdəki payı isə yüksəlib. Bu da sonuncuların iqtisadi inkişafına töhfəsini verib.

XS
SM
MD
LG