D18 Hərəkatının üzvü Cəlil Zabidov Yardımlı rayon Polis Şöbəsi (Bakıdan 286 kilometr cənub) tərəfindən iyulun 7-də heç bir əsas göstərilmədən saxlanılıb. Onun taleyindən hələ də xəbər yoxdur.
Bu barədə D18 Hərəkatı məlumat yayıb.
Məlumatda deyilir ki, fəalın qohumları təhdid olunub və onun telefonu tələb edilib.
“Cəlil Zabidovdan heç bir xəbər yoxdur. Onun bu təzyiqlərlə üzləşməsinin səbəbi siyasi motivli yazıları və tənqidi mövqeyidir. D18 Hərəkatı olaraq üzvümüz Cəlil Zabidovun dərhal azadlığa buraxılmasını tələb edirik!” məlumatda qeyd edilir.
Zabidovun saxlanılması onun Facebook səhifəsində “ölkədə olunan haqqsizlıqlara #etirazedirəm!” haştaqı ilə başlanan etiraz kampaniyasına qoşulmasından sonraya təsadüf edir.
Öz növbəsində, Yardımlı rayon Polis Şöbəsinin növbətçi hissəsindən Amerikanın Səsinə bildiriblər ki, Cəlil Zabidov adlı şəxs polis şöbəsində olmayıb.
“Zabidovun qohumlarının təhdid və təhqir edilməsi, telefonunun tələb edilməsi barədə yayılan məlumatlar da yalandır,” növbətçi hissədən bildirblər.
D18 Hərəkatının fəalı Cəlil Zabidov bundan öncə 2020-ci ilin mayında Yardımlı rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 221.1-ci maddəsində (xulianlıq) nəzərdə tutulan əməlini törətməsində təqsirli bilinərək 5 ay müddətinə azadlıqdan məhrum olunub.
Cəlil Zabidovun həbsi Yardımlı rayonunda "Korrupsiyaya yox de" internet səhifəsində korrupsiya halları ilə bağlı məlumatları yaymasından sonraya təsadüf edib.