Accessibility links

Cəbhədə şiddətli döyüşlər davam edir


Cəbhə xətti
Cəbhə xətti

Oktyabrın 31-də Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttinin bütün istiqamətlərində ağır döyüşlər davam etməkdədir. Tərəflər bir-birini humanitar atəşkəsi pozmaqda günahlandırır.

Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, oktyabrın 30-u gün ərzində və 31-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrini müxtəlif silahlardan, o cümlədən artilleriya və raketlərdən atəşə tutub.

“Döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd və Qubadlı istiqamətlərində davam edib. Cəbhənin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinə qarşı görülən cavab tədbirləri nəticəsində düşmənin şəxsi heyəti arasında ölən və yaralananlar var.

Dünən gün ərzində və gecə saatlarında cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 3 ədəd PDM, 2 ədəd “Smerç” və 2 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemləri, 12 ədəd müxtəlif tipli topu, 1 ədəd “Osa” ZRK, 1 ədəd radioelektron mübarizə stansiyası, 2 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb. Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir,” Müdafiə Nazirliyinin məlumatında deyilir.

Nazirlik oktyabrın 31-də Ermənistan silahlı qüvvələrinin Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazisini artilleriya atəşinə tutduğunu bildirir.

Özünü Artsax (Dağlıq Qarabağ) İnformasiya Mərkəzi kimi təqdim edən qurum bildirib ki, oktyabrın 30-da Azərbaycan Ordusu Laçın istiqamətində hücum edib.

"Hərbi əməliyyatlar zamanı düşmənin canlı qüvvəsi çox sayda itki verərək geri çəkilib. Düşmənin təxribat qruplarını aşkar edərək məhv etməkdə davam edirik. Azərbaycanın bir hərbi texnikası məhv edilib," məlumatda qeyd edir.

Ermənistan Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Artsrun Hovanisyan bildirib ki, oktyabrın 30-da cəbhənin şimal istiqamətində qısa artilleriya hazırlığından sonra piyada qoşunları bir neçə mövqedən hücum etməyə çalışıb, lakin ciddi itkilər verərək geri çəkiliblər. Döyüş meydanında xeyli sayda cəsəd qalıb.

“Bu gün döyüşlər əsasən Araz çayının şimalında, cənub istiqamətində yüksəkliklər istiqamətində davam edib. Silahlı Qüvvələrimizin müəyyən mövqe üstünlükləri var, lakin döyüşlər davam edir. Hazırda bu istiqamətdə qəti bir şey deyə bilmərəm,” o, qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan Ordusu Martuni-Çartar istiqamətində bütün günü kifayət qədər gərgin döyüş əməliyyatları ilə cəbhə xəttini yarmağa çalışıb.

“Onlar əsasən zirehsiz nəqliyyat vasitələrindən istifadə edərək kifayət qədər sıx artilleriya atəşi altında hücum edir. Silahlı Qüvvələrimiz geri çəkilməyib, bu istiqamətdə heç bir mövqe dəyişikliyi yoxdur, amma güclü döyüşlər davam edir. Şuşinin (Şuşa-red) yaxınlığındakı kəndlər istiqamətində döyüş aparan qruplar və hərbi baza zərərsizləşdirilib. Döyüşlər davam edir,” Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi qeyd edib.

Artsrun Hovanisyan həmçinin deyib ki, erməni qüvvələri Azərbaycanın yaşayış məntəqələrində yerləşdirilən hərbi hədəflərə zərbə vurmaq hüququnu özündə saxlayır.

"Dünyada kimsə Azərbaycanın erməni mülki əhalisini məhv etmək məqsədi ilə Artsaxa (Dağlıq Qarabağ) etdiyi təcavüzdən sonra Azərbaycanın hərbi obyektlərinə atəş açmaq hüququmuz olmadığına inanırsa, qoy gələcəkdə də belə düşünməkdə davam etsin," o deyib.

“Müharibənin ilk günündən etibarən Azərbaycan Silahlı Qüvvələri Qarabağda mülki əhaliyə qarşı təcavüz nümayiş etdirdi, evlərə, xəstəxanalara və kilsələrə atəş açdı. Ermənistan Ordusu isə atəşə məruz qaldığı və hərbi təyyarələrin olduğu hərbi hədəflərə atəşlə cavab verir. Üstəlik, avqust ayından bəri oradakı hərbi aerodromlardan yalnız azərbaycanlılar deyil, həm də türk döyüşçülər uçurlar,” Hovanisyan qeyd edib.

Öz növbəsində Azərbaycan Müdafiə Nazirliyi Hovanisyanın dediklərini təkzib edib. Nazirlik Azərbaycan Ordusunun mülki obyektləri və mülki insanları hədəfə almadığını, hərbi bazasının vurulmadığını, mövqe üstünlüyünü saxladığını bildirib. Ölkə rəsmiləri Azərbaycan tərəfdən hər hansı xarici ölkədən düyüşçülərin, həmçinin muzdluların olmadığını bəyan edib.

"Azərbaycanın yüz minlik nizami ordusu və kifayət qədər insan ehtiyatı var," Azərbaycanın yüksək rəsmiləri dəfələrlə bu bəyanatı təkrarən deyib.

Ermənistanın hərbi rəsmisi oktyabrın 30-dək Qarabağda ən azı 44 dinc erməni sakinin öldürüldüyünü və 141 nəfərin yaralandığını bildirib.

Münaqişə ilə bağlı siyasi səviyyədədə müzakirələr də davam etdirilir.

Oktyabrın 30-da Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Cenevrədə ATƏT-in Minsk Qrupunun həmsədrləri və Ermənistan Xarici İşlər naziri ilə görüşü olub.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti idarəsinin məlumatına görə, görüşdə nazir Ceyhun Bayramov münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, eləcə də BMT Təhlükəsizlik Şurasının qətnamələri və beynəlxalq təşkilatların qərar və sənədləri əsasında həllinə dair Azərbaycanın mövqeyini təqdim edib.

“Humanitar tədbirlərdən bəhs edən nazir Ceyhun Bayramov Azərbaycanın sərgilədiyi konstruktiv yanaşmanı vurğulayıb. Bu xüsusda, Azərbaycan tərəfindən birtərəfli qaydada cəsədlərin, habelə ahıl erməni qadınının Ermənistan tərəfinə təhvil verildiyini qeyd edib. Nazir Azərbaycanın bu təklifi çox öncədən irəli sürdüyünü bildirib. Bayramov, həmçinin Ermənistanın beynəlxalq humanitar hüququ kobud şəkildə pozaraq mülki şəxsləri və yaşayış məntəqələrini məqsədli şəkildə atəşə tutmasının qəbuledilməz olduğunu vurğulayıb,” məlumatda deyilir.

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan bildirirb ki, Qarabağla bağlı danışıqlar 6 saat davam edib. O görüşün digər detallarını hələ açıqlamayıb.

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin (Rusiya Federasiyasından İgor Popov, Fransadan Stefan Viskonti və ABŞ-dan Andre Şofer) mətbuat üçün açıqlamasında deyilir ki, həmsədrlər oktyabrın 30-da Cenevrədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan ilə ayrı-ayrılıqda və birlikdə görüşüblər. ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də görüşlərdə iştirak edib. BMT-nin Qaçqınlar üzrə ali komissarı Filippo Qrandi və Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Peter Maurer ilə də məsləhətləşmələr aparılıb.

Həmsədrlər bir daha tərəfləri oktyabrın 17-si Paris və Oktyabrın 25-i Vaşinqtonda təsdiqlədikləri 10 Oktyabr Moskva Birgə Bəyanatına uyğun olaraq, humanitar atəşkəsin dərhal başlaması da daxil olmaqla, öz öhdəliklərini tam şəkildə yerinə yetirməyə çağırıb.

“Atəşkəsin və ya digər öhdəliklərin həyata keçirilməsinə xələl gətirmədən, tərəflər təcili əsasda bir sıra addımlar atmağa razı oldular.

Razılaşmanın bəndləri:

- Tərəflər beynəlxalq humanitar hüquqa uyğun olaraq qəsdən mülki əhalini və ya qeyri-hərbi obyektləri hədəf almayacaq;

- Tərəflər, BQXK və ATƏT-in şəxsi nümayəndəsinə asanlaşdırmaq üçün lazımi təhlükəsizlik zəmanətlərini verərək döyüş sahəsindəki qalıqların bərpası və mübadiləsinin həyata keçirilməsində fəal iştirak edəcəklər;

- Tərəflər bir həftə ərzində BQXK və ATƏT-in şəxsi nümayəndəsinə giriş və nəticədə mübadilə təmin etmək məqsədi ilə saxlanılan əsirlərin siyahısını çatdıracaqlar;

- Tərəflər 10 oktyabr birgə bəyanatının 2-ci bəndinə uyğun olaraq atəşkəsin təsdiqlənməsi mexanizmləri ilə bağlı şərh və sualları yazılı şəkildə təqdim edəcəklər.

Qeyd edək ki, tərəflər 10 oktyabr birgə bəyanatının 3-cü bəndinə uyğun olaraq hərtərəfli həllin əsas elementləri üzrə danışıqlar mövqelərin aydınlaşdırılmasına yönəlik açıq və əsaslı fikir mübadiləsi aparıblar. Həmsədrlər münaqişənin sülh yolu ilə həll edilməsi üçün tərəflərlə intensiv şəkildə çalışmağa davam edəcəklər," Minsk Qrupunun həmsədrlərinin mətbuat üçün açıqlamasında deyilir.

İtkilərə gəlincə, oktyabrın 22-də Rusiya prezidenti Vladimir Putin "Valday" beynəlxalq diskussiya klubunda suallara cavabda bildirib ki, əldə etdiyi məlumatlara görə hər bir tərəf 2000-dən çox insan itirib.

"Ümumilikdə ölənlərun sayı 5000-ə yaxındır," Putun qeyd edib.

Ermənistan oktyabrın 29-da daha 47 hərbiçisinin öldürüldüyünü və ümumilikdə 1166 hərbçisini itirdiyini bildirib. Lakin məlumat müstəqil təhlilçilər tərəfindən təsdiq olunmayıb.

Azərbaycan tərəfi hərbi itkilərlə bağlı məlumat vermir. Ancaq sosial şəbəkələrdə Azərbaycan tərəfinin də hərbi itkiləri barədə məlumatlar yayılır.

Münaqişə dövründə çoxsaylı mülki itkilər də var. Azərbaycan Baş Prokuroru bildirib ki, ümumilikdə sentyabrın 27-dən oktyabrın 30-dək Azərbaycanın 91 mülki vətəndaşı həlak olub, 392 nəfər yaralanıb.

Ermənistanın hərbi rəsmisinin mülki itkilərlə bağlı dedikləri ilə özünü "Dağlıq Qarabağ Respublikası" adlandıran tanınmamış qurumun ombudsmanı Artak Beqlaryan səsləndirdiyi rəqəmlər arasında fərq var. Belə ki, Ermənistanın hərbi rəsmisi mülki itkilərin 44 nəfər, yaralıların 141 olduğunu desə də ombudsman Beqlaryan Twitter səhifəsində yazıb ki, ümumilikdə, sentyabrın 27-dən inidyədək 34 dinc sakin həlak olub, 112 nəfər yaralanıb.

Azərbaycan Ərazilərini Minalardan Təmizlənməsi üzarə Milli Agentliyin məlumatına görə, oktyabrın 30-da 1 ədəd 122 mm-lik top mərmisi (OF-56), 2 ədəd mərminin döyüş başlığı, 1 ədəd 9N235 bombacığı, 1 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator və 24 ədəd partlamış mərmi qalıqları aşkar olunub. Agentliyin partlayış qrupu tərəfindən 1 ədəd 9N235 bombacığı zərərsizləşdirilib.

Azərbaycan Ərazilərini Minalardan Təmizlənməsi üzarə Milli Agentliyin məlumatına görə, oktyabrın 30-da 1 ədəd 122 mm-lik top mərmisi (OF-56), 2 ədəd mərminin döyüş başlığı, 1 ədəd 9N235 bombacığı, 1 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator və 24 ədəd partlamış mərmi qalıqları aşkar olunub.Agentliyin partlayış qrupu tərəfindən 1 ədəd 9N235 bombacığı zərərsizləşdirilib.

“Ümumilikdə 27 sentyabrdan – 30 oktyabradək 304 ədəd partlamamış hərbi sursat (PHS), 1 627 ədəd piyada əleyhinə mina, 276 ədəd tank əleyhinə mina, 460 ədəd tank əleyhinə minanın partladıcısı, 76 ədəd detonator, 1 151 ədəd9N235 bombacıqları, 1 180 ədəd müxtəlif çaplı patronlar, 1 ədəd qaz qumbarası, 18 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator, 6 ədəd dron (zərərsizləşdirilmişdir), 2 ədəd raketin mikrosxemi və 574 ədəd partlamış raket hissələri aşkar olunub“, agentliyin məlumatında deyilir.

​2020-ci il sentyabrın 27-də isə qoşunların təmas xəttində Dağlıq Qarabağ istiqamətində döyüş əməliyyatları bərpa edilib. Ağır döyüşlər davam edir. Hər iki tərəfdən çoxsalı hərbi və mülki şəxslər həlak olub. Yüzlərlə evlər və mülki obyektlər dağıdılıb.

XS
SM
MD
LG