Accessibility links

Dairə Seçki Komissiyası Mehman Hüseynovun şikayətinə cavab verib


Mehman Hüseynov
Mehman Hüseynov

Bələdiyyə seçkiləri zamanı namizəd olmuş bloger Mehman Hüseynovun 31 saylı Suraxanı ikinci Dairə Seçki Komissiyasına göndərdiyi şikayətinə cavab verilib.

Bu barədə 31 saylı Suraxanı ikinci seçki dairəsindən namizəd olmuş bloger Mehman Hüseynov məlumat verib.

Mehman Hüseynovun sözlərinə görə, Dairə Seçki Komissiyasından (DSK) ona gələn rəydə yazılıb ki, bütün qanunları o pozub.

"Seçkilərdən dərhal sonra nəticələrlə bağlı şikayətimi Dairə Seçki Komissiyasına göndərdim. Şikayətdə bildirdim ki, seçki günü məntəqələrdə seçki qutularına topa bülleten atılıb, "karusellər" ( təlimatlandırılan şəxslərin bir neçə məntəqədə səs verməsi) təşkil olunmuşdu, başqa rayonlarda yaşayan vətəndaşlar gəlib namizəd olduğum dairədə səs vermişdi. Habelə, məntəqə sədri bülletenləri sayandan sonra onları məntəqdə qoyub getmişdi və digər hallar. Bunlarla bağlı foto və video sübutları təqdim etdim, tələb etdim ki, nəticələri ləğv etsinlər. DSK isə yazıb ki, qeyd etdiyim qanun pozuntuları təsdiqini tapmayıb. Üstəlik də rəyə görə, bələdiyyə seçkilərində baş verən "karusel" əməliyyatları, qutuya topa bülleten atmalar, başqa yerdə qeydiyyatda olan vətəndaşları məcbur gətirib bizim ərazimizdə səs verdirmək kimi bütün bu işlərin başında sanki mən durmuşam. Sanki bütün bu adamları mən öyrətmişəm ki, təxribat eləsinlər, saxtakarlıq etsinlər."

Mehman Hüseynov əlavə edib ki, bələdiyyə seçkiləri zamanı çəkilmiş video və foto materialları prokurloq orqanına göndərəcək:

"Qərara gəldim ki, “karusel”də iştirak edənlərlə, topa bülleten atanlarla, məntəqə komissiya üzvləri ilə bağlı prokurorluğa müraciət edim. Bu qanunsuzluqları edənlərin hamısının üzləri videoya və fotoya düşüb. Biz də materialları göndərəcəyik prokurorluğa, qoy həmin insanları araşdırıb, cəzalandısınlar."

Mehman Hüseynovun bu açıqlamaslna, hələlik, 31 saylı Suraxanı ikinci Dairə Seçki Komissiyasından və Mərkəzi Seçki Komissiyasından münasibət öyrənmək mümkün olmayıb.

Hüseynov bu il dekabrın 23-də keçirilən bələdiyyə seçkilərində namizəd olub. İctimai rəydə favorit olmasına baxmayaraq seçki komissiyası onun bələdiyyə üzvlüyünə seçilmədiyini bildirib.

Hüseynov ona qarşı baş verənləri sifariş hesab edir və bələdiyyə seçkilərində səsvermənin nəticələrinin saxtalaşdırıldığını bildirir.

Bloger məhkəmələrə şikayət verib.

Daha sonra dekabrın 28-də gecə saatlarında bələdiyyə seçkilərində namizəd, deputatlığa namizədliyini irəli sürmüş bloger Mehman Hüseynov Bakıda, Fəvvarələr meydanında polis əməkdaşları tərəfindən saxlanılıb. O polis avtomobilinə mindirilərək Bakıdan 20 kilometr aralıda, Lökbatan qəsəbəsi ərazisində çöllüyə aparılıb və döyülüb.

Dekabrın 23-də Azərbaycanda bələdiyyə seçkiləri keçirilib.

MSK qeyd edib ki, ölkə üzrə 1627064 nəfər səs verib və seçici fəallığı 32.72 faiz olub.

Qurumun məlumatına görə, bu seçkilər zamanı ölkə üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçilməli idi. Bülletenlərə 41 min 462 namizədin adı daxil edilmişdi.

Bəzi müxalif partiyalar bu seçkilərə qatılmayıb. Onlar deyiblər ki, ölkədə azad və ədalətli seçkilər üçün lazımı şərait yoxdur. MSK və rəsmilər belə fikirlərlə razılaşmırlar.

Bu Azərbaycanda keçirilən 5-ci bələdiyyə seçkiləri idi.

XS
SM
MD
LG