Accessibility links

Danimarkalı futbolçu Eriksen xəstəxanadan təşəkkür mesajı göndərib


Kristian Eriksen çərşənbə axşamı xəstəxanadan ilk açıq mesajını verib. Avropa çempionatında huşunu itirməsindən sonra tərəfdarlarına "şirin və heyrətamiz" xoş arzularına görə təşəkkür edib.

Eriksen şənbə günü Danimarkanın Finlandiya ilə oynadığı matç zamanı məruz qaldığı ürək tutmasından sonra xəstəxanaya yerləşdirilib. O, meydanda defibrilatorla reanimasiya edilməli olub.

"Dünyanın dörd bir yanından gələn şirin və heyrətləndirici alqışlar və mesajlarınıza görə çox sağ olun. Bu, mənim və ailəm üçün çox şey deməkdir" - deyə, Eriksenin sözlərini Danimarka futbol assosiasiyası Twitter-dəki hesabında paylaşım edib.

Mesaja 29 yaşlı Eriksenin xəstəxana yatağından baş barmaqlarını qaldıraraq çəkdirdiyi bir şəkil də əlavə edilib.

"Hazırkı şərtlər daxilində yaxşıyam. Hələ xəstəxanada bəzi müayinələrdən keçməliyəm, amma özümü yaxşı hiss edirəm. İndi növbəti matçlarda Danimarka komandasındakı oğlanlara azarkeşlik edəcəm. Bütün Danimarka üçün oynayın" - deyə, o qeyd edib.

Eriksen və digər danimarkalı oyunçular şənbə günü baş verən hadisədən sonra dünyanın hər yerindən, o cümlədən rəqib komandaların azarkeşlərindən dəstək almışdılar.

Danimarka seçməsinin baş məşqçisi Kasper Hyulmand bildirib ki, mesajlar seli "futbolun dünyanın ən böyük sosial fenomeni olduğunu" göstərir.

"Bu, dünyadakı əksər insanları birləşdirə biləcək yeganə vasitədir. O, xalqlara, irqlərə, cinsiyyətlərə və qalan hər şeyə dostluq gətirir. Futbol böyük bir ailədir ... Və bunu bütün dünyadakı insanlardan aldığımız bu etiraflarla görürük" - deyə, Hyulmand mətbuat konfransında bildirib.

XS
SM
MD
LG